Naxçıvan Bölməsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan genişləndirilmiş iclası keçirilib.

 

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qarşıya qoyulan vəzifələr, əldə olunan nəticələr və çatışmazlıqlardan danışıb.

 

Sonra Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov bölmənin elmi müəssisələrində hesabat dövründə aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. O bildirib ki, 2019-cu ilin ilk rübündə Naxçıvan Bölməsi Rəyasət Heyətinin 6 iclası keçirilib. Müxtəlif məsələlərin müzakirə edildiyi iclaslarda Rəyasət Heyətinin 3 sərəncam və 43 qərarı qəbul edilib.

 

Qeyd olunub ki, hesabat dövründə əməkdaşların 1 monoqrafiyası, 4 kitabı, 1 metodik vəsaiti, 143 elmi məqaləsi, 26 konfrans materialı olmaqla 176 elmi əsəri çap olunub, həmçinin 2 buklet və bir xəritə tərtib edilib. Məqalələrdən 29-u, konfrans materiallarından isə 14-ü xaricdə nəşr olunub. Bundan başqa, məqalələrin 3-ü “Tomson Retures” jurnalında olmaqla, 11-i impakt-faktorlu jurnallarda çapdan çıxıb.

 

Bildirilib ki, bölmə üzrə 1 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 2-si beynəlxalq və 2-si respublika səviyyəli olmaqla 4 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

 

Bu dövrdə bölmədə elmlər doktoru hazırlığı üzrə doktoranturaya 3, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 14, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 2 ixtisas üzrə qəbul keçirilib, doktorant və dissertantların mövzuları, rəhbər və məsləhətçiləri təsdiq edilib. Hazırda bölmədə 15 doktorant (elmlər doktoru hazırlığı üzrə), 40 dissertant (30 fəlsəfə doktoru hazırlığı üzrə, 10 elmlər doktoru hazırlığı üzrə) müvafiq dissertasiyalar üzrə tədqiqatları davam etdirirlər.

 

Diqqətə çatdırılıb ki, əməkdaşlar Türkiyə, İran, Qazaxıstan, Rusiya, ABŞ və Fransanın elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq ediblər.

 

Məruzədə ilin birinci rübündə bölmənin müxtəlif mükafatlar və medallarla təltif olunan əməkdaşları barədə də məlumat verilib.

 

İclasda Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək, bir sıra təkliflər irəli sürüblər.

 

Tədbirə yekun vuran bölmə sədri elmi-tədqiqat müəssisələrinin qarşısında duran vəzifələrlə bağlı direktorlara müvafiq tapşırıqlar verib.

 



15.04.2019 | 19:36