LDU-da gənclərin maarifləndirilməsinə xidmət edən konfrans keçirilib | |
Lənkəran Dövlət Universitetində (LDU) Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təşkilatçılığı ilə “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda konfrans keçirilib. Tədbirdə DTX-nın məsul əməkdaşları, LDU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin uğurla davam etdirildiyini vurğulayan N.İbrahimov əlavə edib ki, gənclər hər zaman ölkənin milli mənafeyini qorumalı, təhsil və davranışları ilə nümunə olmalı, vətənin inkişafı naminə əzmlə çalışmalıdırlar.
DTX-nin məsul əməkdaşı Tural Məmmədov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Məruzəçi təhlükəsizlik orqanlarının keçdiyi bir əsrlik şərəfli yoldan ətraflı söz açaraq vurğulayıb ki, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsası ulu öndər Heydər Əliyev qoyulub.
T.Məmmədov konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər və digər təhlükələr ölkənin hər bir vətəndaşından ayıq-sayıq olmağı tələb edir. O, ölkədəki sabitliyi, milli birliyi və tolerantlığı qorumağın hər bir gəncin ali vətəndaşlıq borcu olduğunu vurğulayıb. DTX rəsmisi müstəqil siyasət yürüdən, öz milli, iqtisadi, siyası, mənəvi maraqlarını qorumaq istiqamətində böyük uğurlar əldə edən Azərbaycan dövlətinə qarşı, xarici qüvvələr və onların dəstəklədiyi bəzi daxili qüvvələr tərəfindən daim hücumların, təxribatların olduğunu və onların qarşısının xidmət orqanları tərəfindən uğurla alındığını bildirib. T.Məmmədov son illərdə ölkədə və dünyada baş vermiş hadisələr əsasında xaricdən maliyyələşən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq məqsədilə əl atdığı təxribatlardan danışaraq, gəncliyi təhrikedici çağırışlara, təkliflərə uymamağa çağırıb.
Konfransda DTX-nin yaranmasının 100 illiyinə həsr edilmiş videofilm nümayiş olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
|
|
12.04.2019 | 16:10 | |
|
|
|