Azərbaycanlı qızların Riyaziyyat Olimpiadasında uğuru | |
Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir. Aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam edəcək.
50 ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.
Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Bu mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici serifikata layiq görülüblər.
Azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər.
2012-ci ildən keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. İlk dəfə 2012-ci ildə İngiltərədə reallaşan bu olimpiada ciddi marağa səbəb olub. 2017-ci ildə İsveçrədə keçirilən olimpiadada 43-dən çox ölkə iştirak edib və bu yarışmaya qatılan şagirdlərimiz iki həvəsləndirici serifikata layiq görülüb.
|
|
12.04.2019 | 12:00 | |
|
|
|