ADAU-da tələbə təşkilatlarının fəaliyyəti müzakirə edilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bütün təhsil pillələləri üzrə 5000-dən çox tələbə təhsil alır. Universitetdə tələbə təşkilatlarının fəaliyyətinin genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. Bu işlərə tələbələrin akademik hüquqlarının qorunması, maddi vəziyyəti ağır olan tələbələrin müəyyənləşdirilərək onlara müvafiq yardımların verilməsi, sosial fəaliyyətlərin genişləndirilməsi, tələbələrin elmi yaradıcılıq potensialının gücləndirilməsi və digər tədbirləri aid etmək olar
 
Rektorla tələbələrin açıq və səmimi şəraitdə görüşünün ənənə halı aldığı təhsil müəssisəsində təşkil olunan növbəti müzakirədə Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin sədrləri, fəal və əlaçı tələbələr, habelə gənc akademik məsləhətçilər (tyutorlar) iştirak ediblər. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, tələbə təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən, onların tələbələrlə rektor arasında körpü rolu oynamasının zəruriliyindən və bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Rektor qeyd edib ki, həmişə olduğu kimi, ADAU-nun tələbə təşkilatları fəal olmaqla, tələbələrin problemlərinin müəyyən edilməsində, rektorluğa müvafiq təkliflərin verilməsində yaxından iştirak etməlidirlər.
 
Tədbirdə tələbə evlərində kitab oxularının təşkilinin gücləndirilməsi, turların təşkili, ölkəmizin görməli yerlərinə təşkil olunan turların sayının artırılması, yay düşərgələrinin və məktəblərinin təşkili, könüllülük fəaliyyətinin canlandırılması, iş adamları, sahibkar və mütəxəssislərin tədris prosesinə daha çox cəlb edilməsi, orta məktəb şagirləri arasında universitetin təbliği işinin daha səmərəli formada qurulması, xarici dil kurslarında və beynəlxalq mübadilə proqramlarında iştirak, idman zallarının potensial imkanlarından səmərli istifadə, fakültə kafelərində xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi, akademik məsləhətçilərin (tyutorların) tələbələrlə daha yaxından işləmələrinin vacibliyi kimi məsələlər müzakirə olunub, tələbələrin rəy və təklifləri müzakirə edilib.
 
Qarşılaşdıqları problemlər, təkliflərlə bağlı istənilən vaxt birbaşa rektora müraciət etmələrinin mümkünlüyü bir daha tələbələrin nəzərinə çatdırılıb və bu səpkidə görüşlərin tez-tez təşkil olunacağı bildirilib.
 

 



05.04.2018 | 12:34