Məktəblilər üçün ekskursiyalar təşkil edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyaları təşkil edilir.

 

Ekskursiyaların əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.

 

BŞTİ və “Sabunçu Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyalarda Sabunçu rayonu üzrə məktəblərin şagirdləri iştirak edir.

 

Ekskursiya zamanı şagirdlər ilk olaraq müasirliyi ilə seçilən mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını, ictimai və siyasi fəaliyyətini əks etdirən muzeylə tanış olurlar. Mərkəzin əməkdaşları ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğinin və öyrənilməsinin mühüm əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verirlər.

 

Həmçinin şagirdlər virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zallarına baxış keçirirlər. Məktəblilər mərkəzdə fəaliyyət göstərən kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı və elektron kitabxana ilə yaxından tanış olmaq imkanı qazanırlar.

 

Ekskursiyanın sonunda mərkəzin kinozalında məktəblilər üçün Azərbaycan tarixinə həsr olunmuş sənədli film nümayiş olunur.

 



11.04.2019 | 11:08