Aprel zəfəri: ötən hər gün üçün bir ağac əkildi

Aprelin 4-də Təhsil və Müdafiə nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyası keçirib.

 

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək büstü önünə gül dəstələri qoyublar.

 

Sonra hərbi hissənin klubunda əsgərlərlə görüş keçirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Görüşü giriş sözü ilə açan Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsi bu tədbirin əsas məramıdır.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Nazir müavini düşmən tapdağı altında olan torpaqlarımızın yaxın zamanlarda işğaldan azad ediləcəyinə əminliyini ifadə edib.

 

Sonra çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu bir daha gücünü nümayiş etdirib, düşmənin çoxlu sayda canlı qüvvə və texnikasını məhv edib. Milli ordunun bu tarixi qələbəsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb, düşmən üzərində tezliklə qələbəmizə əminlik və nikbinlik hisslərini artırıb.

 

Tədbirdə Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdığı, eləcə də ölkə Prezidentinin yüksək qayğısı ilə Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işlər xüsusi qeyd olunub.

 

“Azərbaycan Bayrağı” ordeni  ilə təltif edilmiş şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova çıxış edərək onlara göstərilən diqqət üçün minnətdarlıqlarını bildirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd ediblər.

 

İştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Sonra hərbi hissənin ərazisində ayrılmış xüsusi məkanda Təhsil və Müdafiə nazirliklərinin birgə təşəbbüsü ilə aprel zəfərindən ötən hər gün üçün 730 ağac əkilib.

 

Tədbirdə aprel döyüşlərinin iştirakçısı, “Şücaətə görə” medalı ilə təltif edilmiş Azər Məmmədov, “Şahin” hərbi idman oyunlarının komandaları, tələbə-könüllülər və KİV nümayəndələri iştirak ediblər.



04.04.2018 | 17:45