Elm-təhsil-istehsalat əlaqələri vahid müstəvidə inkişaf etdirilməlidir | |
Aprelin 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda iki günlük Respublika Elmi-texniki konfransı işə başlayıb. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül qoyub, xatirəsinə etiramlarını bildiriblər.
Konfransda çıxış edən AzTU-nun prorektoru, professor İlham Pirməmmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilib. Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikirini xatırladan prorektor 1918-1920-ci illərdə əsası qoyulan, lakin təşəkkül tapa bilməyən milli strategiyalarımızın müstəqillik illərində yüksək səviyyədə həyata keçirildiyini deyib. Azərbaycanlı ziyalıların, elm adamlarının məhdud imkanlarla xaricdə ölkəmizi tanıtmaq cəhdlərini, bayrağımızın dünya ölkələrinin bayraqları arasında dalğalanması arzusunun bu gün reallaşdığını vurğulayan İ.Pirməmmədov qeyd edib ki, öz yerində layiqli vətəndaş olaraq ölkəmizin inkişafına xidmət edən hər kəs Azərbaycan Xalq Cümhuriyyətinin, bu Cümhuriyyətin qurcularının tarixi missiyasını davam etdirir. Təhsil-tədqiqat-istehsalat üçlüyünün Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün “Strateji Yol Xəritələri”ndə əsas prinsip olduğunu diqqətə çatdıran İ.Pirməmmədov Cümhuriyyətimizin 100 illiyi ərəfəsində bu sahənin problemlərinin müzakirə olunması və lazımi mexanizmin yaradılması təşəbbüsünün vacib amil olduğunu bildirib. Konfransa cəlb olunan elmtutumlu və qabaqcıl istehsalat müəssisələrinin prosesin sürətləndirilməsində, həmçinin daha effektiv mexanizmin təşkilində mühüm rol oynadığını deyən prorektor qeyd edib ki, iqtisadiyyatın davamlı inkişafı üçün elm-təhsil-istehsalat əlaqələri vahid müstəvidə inkişaf etdirilməlidir.
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrasında “Dördlü HELIX”modelinin tətbiqi”ndən danışıb.
NRYTN-nin Radio televiziya yayımı və peyk rabitəsi istehsalat birliyinin texniki direktoru, əməkdar mühəndis Mikayıl Abbasov “Azərbaycanda çoxproqramlı rəqəmli televiziyanın tətbiqi”, AzTU-nun professoru, əməkdar elm xadimi Həsən Hüseynov “Texnopark inklüziv inkişafın müəyyənedici amili kimi”, AzTU-nun dosenti Zəfər Cəfərov isə “Sənaye üçün sistem mühəndisliyi üzrə ali təhsil ixtisasının vacibliyi” adlı məruzələrlə çıxış ediblər. Konfrans öz işini “Ali məktəblərin elmi-tədqiqat və innovasiya fəaliyyəti”, “Texniki sistemlərin idarə olunmasında informasiya və telekommunikasiya texnologiyaları və modelləşdirmə”, “Elm və təhsilin iqtisadi aspektləri”, “Sənaye müəssisələrində innovativ texnologiyalar”, “Energetikanın müasir vəziyyəti və inkişaf tendensiyaları” və “Elm və təhsildə sosial və hümanitar tədqiqatlar” olmaqla 6 bölmə üzrə davam etdirəcək.
Ruhiyyə Daşsalahlı
|
|
04.04.2018 | 15:40 | |
|
|
|