İstedadlar ünvanı | |
Paytaxtdakı 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradılıb. Burada istedadlı uşaqlar çoxdur və onlar daim bir-birləri ilə yaradıcılıq rəqabəti aparırlar. Təcrübəli müəllimlər yüksək intellektə sahib olanlara, seçdikləri peşələrə daha çox həvəs və maraq göstərənlərə diqqət yetirir, onların müxtəlif peşələrin mahir biliciləri olmalarına səylə çalışırlar. Olduqca diqqətəlayiq olan bu sahədə təlim-tərbiyə ocağının qazandığı uğurlarla yaxından tanış olmaq və haqqında məqalə hazırlamaq məqsədilə mən də barəsində çox eşitdiyim həmin mərkəzə yollandım. Orada ilk tanış olduğum da elə bədii yaradıcılıq şöbəsinin müdiri Nargilə Fərzəliyeva oldu.
17 adda dərnək
Şöbə müdiri mərkəzin fəaliyyəti ilə bizi məlumatlandırdı. Söylədi ki, Uşaq-Gənclər İnkişaf Mərkəzində 17 adda dərnək fəaliyyət göstərir. “Məktəb teatrı”, “Təsviri incəsənət studiyası”, “Uşaq xalq rəqsləri”, “Nağaraçalanlar”, “Aplikasiya və dekorativ rəsm”, “Musiqisevərlər”, “Kukla teatrı”, “Texniki estetika”, “İnformatika”, “Kağız əl işləri”, “Bədii qiraət”, “Ədəbi diyarşünaslıq”, “Bədii tikmə”, “Makrame”, “Dan ulduzu” və sair dərnəklərdə məşğul olan yetirmələrlə təcrübəli, savadlı, öz işinin mahir biliciləri olan mütəxəssislər çalışırlar.
Gələcək həyatları üçün stimul
Dərnək üzvləri tez-tez dövlət tədbirlərində, beynəlxalq müsabiqə və festivallarda uğurlu çıxışları ilə hamımıza hədsiz sevinc bəxş edir, kollektivə başucalığı qazandırırlar. Bu tipli yarışmalar onların yaradıcılıq potensiallarının artmasına da xidmət edir, seçdikləri peşələrə həvəs və məhəbbətlərini artırır. Qazanılan hər uğursa yeniyetmələrin gələcək həyatlarına bir stimul olur, onlar seçdikləri peşələrin cəmiyyət üçün nə qədər faydalı olduğunu dərk edirlər və özlərini cəmiyyət üçün yararlı şəxsiyyət saymağa başlayırlar.
Vaxtlarından səmərəli istifadə edirlər
Nəticədə mərkəz də qarşısına qoyduğu məqsədə nail olur. Yəni, uşaq və yeniyetmələr bu ocaqda həm əmək vərdişlərinə yiyələnir, həm də müxtəlif sahələrin kiçik mütəxəssislərinə çevrilə bilirlər. Uşaqlar eyni zamanda asudə vaxtlarından səmərəli istifadə etmək bacarığına da burada malik olurlar.
Sərgilər böyük maraq doğurur
Mərkəzdə müxtəlif vaxtlarda “Aplikasiya və dekorativ rəsm” dərnəyinin və “Təsviri incəsənət studiyası” üzvlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bu sərgilərdə sərgilənən əl işlərinə verilən dəyər və qiymətlər onların ruh yüksəkliyini birə-beş artırır. Əslində bu sərgilər vasitəsilə onların bilik və bacarıqları, istedadları imtahan olunur və sonda aldıqları qiymətlər yaradıcılığa həvəslərini artırır. Açığını deyim ki, uşaqların əl işlərindən ibarət sərgilərimiz həmişə böyük maraqla qarşılanır. “Mən və mənim hüquqlarım”, “Fövqəladə hallar uşaqların gözü ilə” adlı rəsm sərgisində isə uşaqların əl işləri xüsusi diplomlara layiq görülüb. Sofiya Məmmədovanın, Nəzrin İsayevanın, Rəna Şikarovanın, Turan Novruzovun, Banu Ədilzadənin, Fərid Mirzəmətovun, Ellina Mustafayevanın, İsmayıl Bayramlının və Polina Yefremovanın sərgilərdə nümayiş olunan yaradıcılıq nümunələri seyr edənləri heyran qoyur.
Təcrübəli dərnək rəhbərləri
Şübhəsiz, bu nailiyyətlər asanlıqla əldə olunmur. Təcrübəli dərnək rəhbərlərinin uşaqların üzərindəki zəhmətin, gərgin əməyin bəhrəsidir bu uğurlar. Yetirmələri dərnək rəhbərləri Səadət İsgəndərovadan, Gülşən Əliyevadan, Yeganə Alxasovadan, Gülmirə Kərimovadan, Törə Məmmədovadan, Gülzar Qurbanovadan, Mahirə Hüseynovadan, Vüsalə Mirzəyevadan, Məhsəti Məmmədovadan, Zaur Dadaşovdan, Təranə Səfquliyevadan, Səmra Muxtarlıdan əxz etdikləri bilik və bacarıqları öz əl işlərində məharətlə tətbiq edərək həm sevimli müəllimlərinə, həm də mərkəzə şərəf qazandırırlar.
Beynəlxalq müsabiqələrdə qalib oluruq
Söhbətimizə “Dan ulduzu” rəqs dərnəyinin üzvlərindən olan Nigar Quliyeva da qoşulur. - Mərkəzdə “Dan ulduzu” rəqs qrupunun üzvüyəm. - Qrupumuzun 60-dan artıq üzvü var. Dövlət tədbirlərində, telekanallarda beynəlxalq festivallarda və müsabiqələrdə mütəmadi olaraq çıxış edirik. Milli rəqslərimizlə bərabər dünya xalqlarının milli rəqslərini də öyrənirik. Rəqs bir əyləncə deyil, incəsənətin ən zərif və yüksək həssaslıq tələb edən növlərindən biridir.
Bakı Xoreoqrafiya Akademiyasının məzunu olan, “Dan ulduzu” rəqs qrupumuzun rəhbəri Fəridə Qasımova və uşaq xalq rəqsləri dərnəyinin rəhbəri Aygün Xəlilli milli və dünya xalqlarının rəqslərini dərnək üzvlərinə böyük həvəslə öyrədir. 2017-ci ildə TRT tərəfindən Nevşehirdə keçirilən Uluslararası 23 Nisan Çocuk bayramında “Dan ulduzu”rəqs qrupumuz Qala gecəsində iştirak etdi. Tədbirdən sonra Nevşehir Bələdiyyə başqanı və TRT rəhbərliyi ilə “Dan ulduzu” rəqs qrupunun görüşü də baş tutdu. Biz orada xatirə şəkli də çəkdirdik. Həmin il rəqs qrupumuzun Pendik Kaymakamlığında İlhan Ünsal ilə görüşü oldu.
“Dan ulduzu” Türkiyədə
Fəridə Qasımova, “Dan ulduzu” rəqs qrupunun rəhbəri: Türkiyədə Novruz bayramı və TRT AVAZ telekanalının fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan tədbir keçirilirdi. Tədbirdə Mərkəzin “Dan ulduzu” rəqs ansamblının canlı yayımda təqdim etdiyi xalq rəqsləri tamaşaçılarda xoş ovqat yaratdı. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və TRT-nin birgə dəstəyi ilə keçirilən mərasimdə isə mərkəzin “Odlar yurdu” və “Qaval” adlı rəqs qrupları Azərbaycanın milli rəqslərini məharətlə nümayiş etdirdi. Məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrini nümayiş etdirərək tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında bilgilərini yaşıdları ilə bölüşdülər.
“Alov rəqsi” alqışlarla qarşılandı
Sonra Niğdə bələdiyyəsində rəqs qrupunun üzvləri ilə görüş keçirildi. Görüş iştirakçıları Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından məmnun qaldıqlarını söylədilər. Məktəblilər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında oldular. Tədbirdə uğurla cıxış etdik. “Alov rəqsi”miz alqışlarla qarşılandı. Sonda hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirdik.
Rəngarəng rəqs nümunələri nümayiş etdirdik
Aydan Məmmədli: 2018-ci ilin aprelində İstanbulda keçirilən musiqi festivalına mən də qatılmışdım. “Dan ulduzu” uşaq rəqs qrupunun ifası maraqla qarşılandı. Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibətilə keçirilən bayramda 12 ölkədən uşaqlar iştirak edirdilər. Biz Azərbaycanı təmsil edirdik. Rəngarəng rəqs nümunələri nümayiş etdirdik.
Onlar çox qonaqpərvər idi
Şəhla Quliyeva, Nəzrin Fərzəliyeva: İstanbulda 10 gün türk ailəsində qaldıq. Onlar çox mehriban, qonaqpərvər idilər. Bizə sayğı ilə yanaşırdılar. Onların oxuduqları məktəbə getdik. Şəhərin park və xiyabanları ilə tanış olduq. Biz onlardan ayrılanda məyus oldular. Ancaq söz verdik ki, yenə görüşəcəyik. Dostlarımızla tez-tez zəngləşir, hal-əhval tuturuq.
Qürur hissi keçiririk
Xədicə Qasımova, Fidan Zamanova: Qürur hissi keçiririk ki, martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı-Novruz şənliyi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Dan ulduzu” rəqs qrupunun üzvləri ilə xatırə şəkli çəkdirdilər. Əlbəttə ki, bu hadisə heç vaxt yaddaşımızdan silinməyəcək...
Sonda “Dan ulduzu” rəqs qrupunun rəhbəri Fəridə Qasımova 23 Nisan Çocuk bayramına hazırlaşırıq, - dedi. Hazırda məşqlər gedir. İnanıram ki, rəqs qrupumuz uğurla çıxış edəcək...
Sifai SƏFƏROVA
|
|
07.04.2019 | 11:02 | |
|
|
|