Sərgi:“Milli-mənəvi dəyərlərdən gələcəyə” | |
Bakı İdaretmə və Texnologiya Kollecində “Milli-mənəvi dəyərlərdən gələcəyə” mövzusunda tələbələrin əl işlərindən ibarət sərgi keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı sərgilərin milli-mənəvi dəyərlərin təbliğinindəki əhəmiyyətindən danışıb. F. Şahbazlı bildirib ki, gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların milli ruhda, milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən asılıdır. Gənc nəslin milli ruhda tərbiyəsi: - soy kökümüzdəki, milli mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətləri yeniləşdirməkdən, dirçəltməkdən və təlim-tərbiyə prosesində ondan maksimum istifadə etməkdən ibarətdir.
Sərgidə “Dizayn”, “Zərgərlik”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi” ixtisasları üzrə gənc istedadlar kolleksiyalarını nümayiş etdiriblər. Burada xalqımızın milli ənənələrin, mədəniyyətini əks etdirən Azərbaycan xanımlarına məxsus geyim modaları və zinət əşyalarından ibarət kolleksiyalar nümayiş olunub.
Kağız, parça, eskiz üzərində iş, muncuqla şüşə üzərində müxtəlif təsvirləri əks etdirən məmulatlar keyfiyyəti və rəngarəngliyi baxımından maraq doğurub.
Sərgidə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov, Təhsil İnstitutunun baş elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və digər qonaqlar çıxış ediblər .
Şakir CƏFƏROV
|
|
02.04.2019 | 13:34 | |
|
|
|