“Kod saatı”nda yüksək fəallıq

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində “Kod saatı” aksiyasının III mərhələsi keçirilib. Bakıda “Gənclik” və “28”, Gəncədə isə “Gəncə” alış-veriş mərkəzlərində təşkil edilən aksiyada yüksək fəallıq müşahidə olunub.

 

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində keçirilən bu aksiyada 8-14 yaşlı uşaqların iştirakı təmin edilib. “Rəqəmsal bacarıqlar” layihəsinin əsas tərəfdaşı “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma şirkəti ilə  birgə keçirilən “Kod saatı” aksiyasının I və II mərhələsində 8-14 yaşlı 2 mindən çox şagird iştirak edib. Alış-veriş mərkəzlərində keçirilən III mərhələyə daha 185 nəfər qatılıb.

 

Qeyd edək ki, layihənin I mərhələsi martın 16-da keçirilib. İlk mərhələdə Bakıda 12, Gəncədə 1 olmaqla 13 məktəbdə təşkil edilən “Kod saatı”nda Gəncədə 630 şagird olmaqla, ümumilikdə 13 məktəbdə 1757 şagird kodlaşdırmada ilk addım atıb.  “Kod saatı”nın ikinci mərhələsi martın 23-də keçirilib və bu mərhələ bütün ölkə məktəblilərini əhatə edib. Belə ki, həmin gün  link aktivləşdirilib və gün ərzində şagirdlər istədiyi vaxt həmin linkə daxil olaraq bir saat ərzində kodlaşdırmanı həyata keçirib.

 

“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, “Kod saatı” bütün məktəblərdə şagirdlərin diqqətini proqramlaşdırmaya cəlb etmək məqsədi ilə təşkil edilib: “Kod saatı” sadəcə “Rəqəmsal bacarıqlar” layihəsinin icra olunduğu Bakıdakı 65 məktəbdə, Gəncədə 6 və Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına liseydəki deyil, digər məktəblərin şagirdlərinin də diqqətini cəlb etmək məqsədi daşıyır. Novbəti tədris ilindən layihənin miqyası genişləndiriləcək. Nəticədə layihə daha çox şəhərdə daha çox məktəbi əhatə edəcək. Ona görə də biz valideynlərin və şagirdlərin diqqətini cəlb etmək istəyirik. Dünyada yeni trend budur ki, gələcəkdə peşə seçimindən asılı olmayaraq, öz sahəsində bilik və bacarıqlara nail olmaqdan savayı İKT bacarıqlarına yiyələnmək hər insan üçün zəruri olacaq. Bütün məktəblilərimiz gələcəkdə proqramçı olmasa da, onların İKT bacarıqlarının formalaşması  seçəcəkləri peşədə uğur qazanmalarını təmin edəcək”.

 

F.Qurbanov “Kod saatı”nda yüksək fəallıq nümayiş olunduğunu deyib: “Birinci mərhələdə məktəblərin qapılarını açdıq. Üçüncü mərhələ isə AVM-lərdə təşkil edildi. Oyun formatında olan tapşırıqların öhdəsindən gəlmək məktəblilər üçün çətin olmadı. Biz bu mərhələdə 100 şagirdin iştirakını gözləyirdik. Ancaq gözlədiyimizdən daha çox şagird qatıldı. Hər uşaq kompüter arxasında 30 dəqiqə vaxt keçirdi. Günorta saat 12-də başladıq, axşam saat 20.00-dək davam etdik. Hər AVM-də 2 masa qoymuşduq.  Masalarımız heç boş qalmadı. Hiss olunurdu ki, layihə böyük maraq doğurub”.  

 

Məlumat üçün qeyd edək ki, 2013-cü ildən bəri dünyada təşkil edilən “Kod saatı” insana 1 saat ərzində kodlaşdırmanın təməlini öyrətməyin mümkün olduğunu təsdiq etmək məqsədi ilə düşünülmüş bir aksiyadır. Dünyada qısa müddətdə məşhurlaşandan sonra Azərbaycanda da sınaqdan çıxarılıb. İlk dəfə 2017-ci ildə “Microsoft Azərbaycan” və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilib. Dünyanın 150-dən çox ölkəsində uğurla keçirilən bu layihənin bu ildən Azərbaycanda da əhatə dairəsi və miqyası əhəmiyyətli dərəcədə genişləndirilib.

 

Ruhiyyə

 

 



02.04.2019 | 15:15