Tarixdə heç nə unudulmur... | |
Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən , çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırımı günündən bizi 1 əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır. Professor Natiq İbrahimov 1992-ci ilin 26 fevral Xocalı qətliyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün gənc nəsli ayıq-sayıq olmağa, keçmişin ibrət dərslərindən nəticə çıxarmağa , ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri,törətdiyi dəhşətli soyqırımları unutmamağa çağırıb.
Konfransda “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, professor Arif Məmmədovun “31 martda azərbaycanlılara qarşı törədilən qırğınlar genosid aktı kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə soyqırımın baş verdiyi tarixi-siyasi şəraiti ətraflı təhlil edilib.Qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını deyən Arif Məmmədov məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini bildirib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
“Azərbaycan dili ,ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının dosenti Mirhüseyn Abbas məruzəsində 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən söz açıb.Bildirib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, kəndlər viran qoyularaq əhalinin min zülmlə əldə etdiyi varidatı talan edilib. Dosent Mirhüseyn Abbas 31 mart soyqırımının ədəbiyyatımızda əksi məsələsini geniş təhlil edərkən qeyd edib ki, bu mövzuda əsərlərin yazılmasına və təbliğinə böyük ehtiyac var.
Konfrans erməni vəhşiliklərini əks etdirən videofilmin nümayişi ilə başa çatıb.
|
|
30.03.2019 | 13:30 | |
|
|
|