Müsahibədən uğurla keçən namizədlərlə müqavilələr sentyabrda imzalanacaq

İstənilən vakant yerə istənilən müddətli əmək müqaviləsi ilə işə götürülən namizəd daimiləşdirilə biləcək. Odur ki, qaydalara uyğun şəkildə müddətli əmək müqaviləsi ilə işə qəbul edilən namizədlər müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə elan edilən müsabiqəyə qatıla bilər. Bu barədə “Təhsil” televiziyasının “Təməl” verilişində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri maraqlandıran suallara aydınlıq gətirərkən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, ötən il müddətli əmək müqavilələri ilə işə qəbul yerli təhsili idarəetmə orqanlarının səlahiyyətinə aid idi. Həmin yerlərə daimiləşmə ilə bağlı müsabiqədə yalnız elan edilən və tutulmayan vakant yerlərə namizədlərin daimiləşməsi aparılıb: “Bu il isə 10 dəfə mərkəzləşdirilmiş yerləşdirmə aparılıb. Yerləşdirmə zamanı ən yüksək nəticəsi olan namizədlərlə müddətli müqavilələr bağlanıb. Vakant yer hətta tədris ilinin ortasında, dekabr ayında yaranıbsa, həmin tarixdə işə qəbul edilən namizədin qarşısına ötən il tətbiq edilən məhdudiyyət çıxmayacaq. Namizədlərə heç bir halda vakant yer elan edilmədiyi üçün daimi əsaslarla işə qəbulunun mümkün olmadığı ilə bağlı bildiriş ünvanlanmayacaq”.

 

E.Bağırov onu da deyib ki, bu müsabiqəyə qatılan namizədlər hazırda müddətli əmək müqaviləsi ilə çalışdıqları vakant yerə daimiləşib-daimiləşmədikləri ilə bağlı nəticəni aprel ayının sonunda öyrənəcək. Müvafiq məlumat və sənədlər yerli təhsili idarəetmə orqanlarına da göndəriləcək. Müsahibədən uğurla keçən namizədlərlə daimi əsaslarla müqavilələr sentyabr ayında imzalanacaq.

 

E.Bağırov qeyd edib ki, daimiləşmədə iştirak edən və müsabiqədən uğurla çıxan namizədlər yerdəyişmə məqsədi ilə keçiriləcək müsabiqəyə qatıla bilməyəcəklər.

 

 

Ruhiyyə Daşsalahlı



29.03.2019 | 18:35