Lənkəran Dövlət Humanitar Kollecində veteranlarla görüş | |
Martın 29-da Lənkəran Dövlət Humanitar Kollecində Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatının fəal üzvlərinin iştirakı ilə Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Torpaq uğrunda ölən varsa, vətəndir” adlı tədbirdə kollecin direktoru, dosent Ruslan Həmidov qonaqları salamlayıb. Bildirib ki, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin tələbələrlə tez-tez görüşməsi, onların səmimi fikirlərinin dinlənilməsi yetişməkdə olan gəncliyimizin vətənpərvərlik, dövlətçilik ideyaları ilə inkişaf etməsi baxımından faydalıdır. Direktor ulu öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən diqqət və qayğının gündən-günə artırıldığını, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev qeyd edib ki, torpaq uğrunda ölən şəhidlərimizin qisası heç vaxt düşməndə qalmayacaq. O, Ali Baş Komandanın göstərişi ilə rəşadətli ordumuzun tez bir zamanda Dağlıq Qarabağı işğaldan azad edəcəyi günün yaxında olduğunu bildirib.
Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan veteranı Arif Quliyev çıxışlarında keçdikləri döyüş yollarından danışıb və bu gün ordumuzun düşmənə layiqli cavab verəcək gücdə olduğunu bildiriblər.
Qonaqların səmimi söhbətləri dinlənildikdən sonra tələbələri maraqlandıran suallara cavab verilib.
Tədbirin sonunda kollecin tələbə və müəllimləri veteranlarla xatirə şəkili çəkdiriblər.
|
|
29.03.2019 | 18:20 | |
|
|
|