Dünya çempionatında iştirak edəcək idmançı şagirdlərlə görüş | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) voleybol idman növü üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək 269 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, şöbə müdirinin müavini Elnur Əliyev, İdman sektorunun müdiri Hilal Salmanov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyasının əməkdaşları, 269 nömrəli tam orta məktəbin direktoru, idman müəllimi, komanda məşqçisi, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
BŞTİ-nin müdiri Rəşad Tağıyev martın 30-u Xorvatiyanın Poreç şəhərində keçiriləcək məktəblərin dünya çempionatında iştirak edəcək qızlardan ibarət komanda üzvlərini təbrik edib, onlara yarışda müvəffəqiyyətlər arzulayıb.
R.Tağıyev ölkəmizdə məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısından danışıb. İdarə müdiri, həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin idmana olan marağının daha da artırılması, onların fiziki inkişafının təmin edilməsi məqsədilə görülən işlərdən də bəhs edib.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəblər arasında idman növləri üzrə təşkil olunmuş respublika çempionatı barədə ətraflı məlumat verib. Bildirib ki, respublika çempionatı ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumi təhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.
Sonra çıxış edənlər Xorvatiyada keçiriləcək məktəblərin dünya çempionatında iştirak edəcək qızlardan ibarət komanda üzvlərinin yarışda ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildiriblər.
Sonda Xorvatiyada ölkəmizi təmsil edəcək məktəblilərlə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, məktəblərin respublika çempionatı çərçivəsində təşkil olunmuş voleybol yarışları cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
|
|
29.03.2019 | 17:25 | |
|
|
|