Uğurun sinonimi | |
Söhbət Britaniya təhsilindən düşdüsə, gərək ənənələrdən başlayasan. Ötən sayımızda Dumanlı Albionun ən qədim iki kollecindən biri olan İton barədə məlumat vermişdik. Budəfəki mövzumuz Herroudur. Britaniyada bu iki kollec qədər ənənələrə söykənən, yaşayış və təhsil sistemini qoruyan məktəblər bəlkə də yoxdur. Zarafat deyil - biri XV, digəri isə XVI əsrdə yaradılıb. Müasir yeniliklər öz yerində, ancaq orta əsrlərdən gələn zadəganlıq, özünəməxsusluq və fərqlilik bu məktəblərin elə bil divarlarına hopub...
Londondan yarımsaatlıq yolda yerləşən Herrounu dünyanın təhsil mərkəzlərində tanımayan yoxdur. Burada hər şey ənənələrə boyun əyir, ancaq məktəbdə heç kim tarixdən gələn əlaqələrə kor-koranə riayət etmir. Reqbi və futbol, qılıncoynatma və natiqlik qabiliyyəti, at çapma və xorda oxuma orta əsrlərdən günümüzədək yaxşı tərbiyənin göstəriciləri olub və bu gün də Herrouda yaşadılmaqdadır. Müəllimlər tələbələrə bu məktəbi yüzlərlə məşhur adamın bitirdiyini təkrarlamaqdan yorulmurlar. Axı söhbət sadəcə cəmiyyətin “qaymaqları”ndan getmir, bu şəxslərin əksəriyyətinin tarixdə oynadıqları rolu unutmaq olmaz. Herrounu bitirən dahilər barədə az sonra. Hələlik isə qeyd edək ki, söz açdığımız “yaxşı tərbiyə” yuxarıdakılarla bitmir: dərsləri buraxmaq olmaz, dərsdən icazəsiz getmək qadağandır, siqaret çəkmək ağır günahdır. Dünya dəyişir, Herrou isə Britaniyanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynamaqda davam edir.
Orta əsrlərdən kompüter texnologiyalarına
Məktəbin əsası 1572-ci ildə qoyulub. Hər şey onunla başlayır ki, kraliça I Yelizaveta yerli mülkədar Con Layona təhsil ocağının tikilməsi üçün vəsait ayırır. O vaxt məktəbi tikmək indi olduğu kimi bir-iki ilə başa gəlmirdi. Herrou kraliça sifarişi olsa da, müxtəlif çətinliklər ucbatından tikinti işləri düz 1614-cü ilə qədər uzanmışdı. 1615-ci ildə məktəb açılanda onun cəmi bir tələbəsi var idi. Ancaq XIX əsrin əvvəlində kollecin aparıcı müəllimi C.Drurinin sinfində gələcəyin 4 baş naziri təhsil alırdı. Yarım əsr sonra isə digər müəllimlər - Ç.Vohem və H.Blatter o vaxtlar üçün yenilik olan viktorian təhsilinin nailiyyətlərini tətbiq etməklə kollecin həyatında yeni mərhələnin əsasını qoydular.
Şübhə yoxdur ki, heç bir sosial institut yalnız tarixlə “qidalanmaq”la uzağa gedə bilməz. Dünya dəyişirsə, o da dəyişməlidir. Herrou bu gün Britaniya təhsil ənənələrinin beşiyi sayılsa da, rəqəmsal əsrin diqtə etdiyi reallıqlardan yan keçə bilməz.
Kollecin kommersiya departamentinin rəhbəri Harri Oqdenin fikrincə, Məlumat Kommunikasiya Sistemi məktəbdə tətbiq edilən ən inqilabi dəyişiklikdir. Bu sistemin köməyi ilə internet vasitəsilə təhsil almaq, interaktiv dərslər keçmək mümkündür: “Çağdaş təhsili müasir kompüter texnologiyası olmadan təsəvvür etmək mümkün deyil”.
Herrouda dünyanın hər yerindən uşaqlar təhsil alır. Bu baxımdan, kollecdəki linqvistik rəngarəngliyi təsəvvür etmək çətin deyil. Təsadüfi deyil ki, tədris olunanlar arasında rus və yapon dilləri kimi “ekzotik” sayılacaq dillər də var. Bu rəngarəngliyin nəticəsidir ki, Herrouda kök salmış stereotiplər yoxdur. Məktəbdə məşhur olan köhnə mahnıda oxunduğu kimi: “Hamınız xoş gəlmişsiniz, dövlət məmurları da, şairlər də”.
Hər bir uşaq təbii elmlər və yaxud diskussiya cəmiyyətlərinə üzv ola bilər. İdman dərnəkləri ilə yanaşı, musiqi təmayülü Herrounu fərqləndirən mühüm cəhətlərdən biridir. Tarixən mahnı ifa etmək kollec həyatının elementlərindən biri olub. Bu ənənə əsasını 1864-cü ildən götürür. Musiqi müəllimi C.Farmer uşaqlara ilk mahnını yazmaqla məktəbin daha bir ənənəsinin əsasını qoyub. Təsəvvür edin, iki əsr əvvəl yazılmış mahnılar indi də kollecdə təhsil alanlar üçün sevgi, dostluq və bərabərlik simvollarıdır. Herrounun qeyri-rəsmi himni olan “Forty Years On” mahnısının ifa olunmadığı bayram şənliyi şənlik sayılmır.
Zadəganlar yuvası
Hər bir təhsil ocağı özünün tədris proqramı ilə yanaşı, məzunları ilə də məşhurdur. Reallıq budur ki, müasir həyatımızın aparıcı trendlərindən biri olan “brend” anlayışı fəaliyyətimizin bütün sferalarına sirayət edib. Bu nöqteyi-nəzərdən yanaşsaq, insan fəaliyyətinin müxtəlif sahələrində məşhur olmuş məzunlar bitirdikləri təhsil müəssisələrinin bir növ brendləridirlər. Söhbət Herrounun brend-məzunlarından düşərsə, siyahı çox uzun olacaq. Gəlin onlardan bir neçəsinin adlarını qeyd edək.
Britaniyanın müxtəlif illərdə baş nazirləri olmuş 7 hökumət başçısı Herroudan məzun olub. Onlardan ən populyarı təbii ki, Uinston Çörçildir. Hindistanın sabiq baş naziri Cəvahirlər Nehru burada oxuyub. İordaniya kralı Hüseyn ben Talal, İraq kralı II Feysal, Qətər əmiri Tamim bin Hamad Əl Tani isə kollecdən məzun olmuş monarxlardır. Yazıçı Con Qolsuorsi, şair Şeridan Herrounun dəhlizlərindən çıxıblar. Britaniya parlamentinin hər çağırışında onlarla Herrou məzununu saymaq olar. Söhbət parlamentdən düşmüşkən, Mühafizəkarlar Partiyasının əsasını qoymuş Robert Pi də burada təhsil alıb. Rotşildlər ailəsini bütünlüklə Herrounun hesabına yazmaq olar. Siyahını uzatmaq da olar, ancaq adlar çoxdur. Kimə maraqlıdırsa, sadəcə “Wikipedia”ya müraciət edə bilər: Herrounun məzunları arasında əlifbanın bütün hərfləri ilə başlayan məşhur soyadlar var.
Məşhur simalar öz yerində, ancaq belə bir sual oluna bilər: axı necə oldu və olur ki, bütün tanınmışlar Herroudan məzun olurlar? İzahı sadədir: bu kollecdə ənənələrdən qaynaqlanan Britaniya standartlı klassik, eyni zamanda, yüksək səviyyəli müasir elitar təhsil verilir. Yəni buradan məzun olarkən hansısa sahədə məşhur olmamaq sadəcə fərasət işidir. Herrouda oxumaq Britaniya cəmiyyətinin yüksək təbəqələrinə qoşulmaq üçün unikal imkandır. Britaniyalı məktəblilər üçün bu kollec-internata daxil olmaq uğur və bəxt anlayışları ilə sinonimdir.
Hər il təqribən 800 oğlan uşağının təhsil aldığı Herrou kolleci sanki bir centlemen emalatxanasıdır. Siz onların geyimlərinə fikir verin: ağ köynək, tünd göy rəngdə pencək, qara ipək qalstuk, qara ayaqqabı, boz şalvar, mavi cemper və təbii ki, dünyaca məşhur “saman” silindr papaq. Bu, dərslərə geyinilən ənənəvi məktəbli formasıdır. Həftəsonu günləri geyim tərzində yüngül dəyişiklik edilir: ağ köynək, qara silindr, qara frak, qara jilet,qara qalstuk və zolaqlı şalvar. Herrouda oxuyan 13-17 yaşlı oğlanlar istəsələr də, centlemen olmaya bilməzlər!
Kollec, ya klublar birliyi?
Bir az da tədris proqramı barədə. Herrouda dərslər ingilis dilində tədris olunur. Fənlər orta məktəblərə xas GCSE, A-level əsasında keçilir. Kollecdə ənənəvi dərslər bir yana, tədris proqramının dərinləşdirilməsi üçün geniş imkanlar var. Söhbət prioritet fənlərin daha əsaslı şəkildə əxz olunmasından gedir. “Electives” standart məktəb proqramına daxil deyil və özündə seçilmiş fənnin universitet səviyyəsində öyrənilməsini əks etdirir. “Electives” müraciət edildikdə ənənəvi fənlərlə yanaşı, hansısa yeni bilik sahəsi, yaxud seçiləcək peşə ilə bağlı dərs də ola bilər. Məsələn, Herrouda bunlar təklif olunur:
- Münaqişələrin həlli;
- Dərinləşdirilmiş fizika;
- Kulturologiya;
- Beynəlxalq tibb;
- Psixoanalizə giriş;
- İqtisadi nəzəriyyələr;
- Reformasiya;
- Dizayn yarışları;
- Proqramlaşdırma;
- Antik tarix;
- Maliyyə işi;
- Musiqi texnologiyaları;
- Qərb incəsənətinin tarixi və s.
Adəti üzrə Herrounun məzunları Britaniyanın Kembric və Oksford universitetlərinə müraciət etsələr də, onlara digər ölkələrin ali məktəblərinə daxil olmaları yolunda hər hansı maneə tətbiq olunmur.
Əksər internat-məktəblərdən fərqli olaraq Herrouda yayda da dərslər keçilir. Ancaq könüllülük əsasında. 8-13 yaşlı uşaqlara “multiaktivlik kursları” təklif olunur. İyun-avqust aylarını əhatə edən kurslarda ingilislərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan uşaqlar da təhsil alır. Adından da göründüyü kimi, bu kursların əsas məqsədi uşağı daima aktiv tonusda saxlamaqdır. Təsadüfi deyil ki, dərslərin əksəriyyəti idman və yaradıcılıqla bağlıdır.
Aktivlikdən söz düşmüşkən, Herrouda uşaqlar kifayət qədər sosiallaşmışdılar. Kollecdə maraq, zövq və fikir birliyinin formalaşmasında əvəzsiz rol oynayan 56 klub fəaliyyət göstərir. Bir neçəsinin adını çəksək, söhbətin hansı miqyasdan getdiyi bəlli olur:
- Siyasi klub;
- Latın Amerikası klubu;
- Tibb birliyi;
- Bioloqlar cəmiyyəti;
- Gəmiqayıranlar klubu;
- Məktəb ferması klubu;
- Riyazi birlik və...
Və saysız-hesabsız dərnəklər: siyasi, astronomiya, ədəbiyyat, kulinar, atçılıq, şahmat, xarici dillər, filosoflar klubları. Hətta Pendir İstehsalçıları Birliyi. Herrouda oxumamaq mümkündürmü?
Rüstəm QARAXANLI |
|
29.03.2019 | 09:56 | |
|
|
|