BANM tələbələri SOCAR Türkiyədə işləyəcək | |
SOCAR Türkiyənin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Qonaqların Ali Məktəbə səfərinin əsas məqsədi BANM-ın sonuncu kurs tələbələrinin SOCAR Türkiyənin Məzun Mühəndislik Proqramına, nisbətən aşağı kurs tələbələrinin isə Təcrübə İnkişaf Proqramına cəlb edilməsi olub. Bu münasibətlə Ali Məktəbdə SOCAR Türkiyənin İnsan resursları departamentinin rəhbəri Dinar Məmmədova, STAR Neft Emalı Zavodunun İşlətmə departamentinin müdir müavini Elnur Məmmədli, Petkim Petrokimya Zavodunun İnsan resursları üzrə şöbəsinin müdiri Bəhruz Babayev və heyətin digər üzvləri ilə BANM-ın tələbələri arasında görüş keçirilib.
Görüşü açan Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR Türkiyənin Bakı Ali Neft Məktəbinə göstərdiyi diqqət və etimada görə “SOCAR Turkey Enerji A.Ş.”–nin rəhbərliyinə təşəkkür edib. Ötən il BANM-ın 30-a yaxın məzununun SOCAR Türkiyənin İzmir şəhərində yerləşən STAR Neft Emalı Zavodunda işləmək üçün göndərildiyini qeyd edən rektor, bu hadisənin artıq bir ənənə olaraq hər il təkrarlanacağından sevindiyini bildirib.
Görüşdə SOCAR Türkiyənin İnsan resurları departamentinin rəhbəri Dinar Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra tələbələrə şirkətin ümumi fəaliyyətini əks etdirən prezentasiya və videoçarxlar nümayiş etdirib. Daha sonra o “SOCAR Turkey Enerji A.Ş.”-nin gənc mühəndislər üçün nəzərdə tutulmuş karyera proqramı - Məzun Mühəndislik Proqramı və tələbələr üçün 2 aylıq təcrübəni nəzərdə tutan Təcrübə İnkişaf Proqramı haqqında məlumat verib. Xanım Dinar Məmmədova qeyd edib ki, seçim prosesi iki turda aparılacaq, birinci mərhələdə proqramlarda iştirak etmək istəyən tələbələr CV-lərini göndərməklə yanaşı ümumi qabiliyyət, şəxsiyyətin müəyyən edilməsi, İngilis dilinin mükəmməlliyi və texniki biliklərin ölcülməsi testləri mərhələlərini keçməlidirlər. İkinci turda isə bütün testlərdən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
STAR Neft Emalı Zavodunun İşlətmə dapartamentinin müdir müavini Elnur Məmmədli tələbələrə SOCAR Türkiyə, xüsusilə STAR Neft Emalı Zavodu, orada baş verən proseslər, görülmüş işlər və nəzərdə tutulan layihələr haqqında geniş məlumat verib, onları öz gələcək karyeralarını məhz SOCAR-da qurmaq üçün ruhlandırıb.
İzmirdən tələbələrin görüşünə, həmçinin, BANM-ın keçən ilki “Kimya mühəndisliyi” ixtisasının məzunları, STAR Neft Emalı Zavodunun mühəndisləri Amail Məmmədova və Adil Babayev də qatılıb. Onlar gənclərə öz təcrübələrindən danışaraq dəyərli məsləhətlər veriblər.
Görüş tələbələr tərəfindən verilən çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb. |
|
03.04.2018 | 12:20 | |
|
|
|