Birinci sinfə qəbulla bağlı yenilik

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb.

 

Belə ki, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır. Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədilə tətbiq olunub.

 

Odur ki, valideynlərə birinci sinfə onlayn qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaq üçün elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə müraciət etmələri tövsiyə olunur.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

 

Hər hansı səbəbdən elektron qeydiyyat prosesini özü həyata keçirə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (www.baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

 

Həmçinin, birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu zamanı araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası(www.baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.

 



03.04.2018 | 11:42