Məktəb-liseydə Zahid Xəlillə görüş | |
Martın 12-də Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseydə Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair Zahid Xəlillə görüş keçirilib. Tədbirə başlamazdan əvvəl qonaqlar şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olublar.
Dövlət himni səsləndirildikdən sonra tədbiri açan məktəb-liseyin direktoru Nəzakət Əsgərova uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair Zahid Xəlilin şagirdlərin görüşünə gəlməsindən çox məmnun olduğunu bildirib. Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında məlumat verən direktor qeyd edib ki, şair əsərlərində şəkillilik və portretlikdən ustalıqla istifadə edərək orijinal uşaq şeirlərini yaratmağa nail olmuşdur. O, Zahid Xəlilin müasir uşaq ədəbiyyatının formalaşmasında xüsusi rolu olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Zahid Xəlilin bütün əsərləri özünün rəngarəngliyi ilə güclü bir şairin təxəyyülünün, fantaziyasının məhsuludur və bu əsərlərdə xeyir qüvvələr şərə qarşı qoyulur. Direktor sonra müəllim və şagirdlərin dəvətini qəbul edib onların görüşünə gəldiyi üçün kollektiv adından yazara minnətdarlığını bildirib.
Ədəbi-bədii gecədə balacaların vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə edilməsində Zahid Xəlil yaradıcılığının əhəmiyyətindən söz açılıb, onun duzlu-məzəli nağıllar aləminə səyahət edilib.
Tədbirin aparıcıları şairin bədii, elmi-pedaqoji yaradıcılığından danışaraq bildiriblər ki, Zahid Xəlil tanınmış şair olmaqla bərabər, həm də filologiya üzrə elmlər doktoru, professordur. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiridir.
Şagirdlər Zahid Xəlilin uşaqlara həsr etdiyi şeirləri söyləyib, mahnı oxuyub və ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Tədbir Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən, milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevdiyindən və gəlişini səbirsizliklə gözlədiklərindən onlar üçün həmin gün ikiqat bayrama çevrilmişdi. Şagirdlər tədbir proqramının bir neçə nömrəsini də Novruz bayramına həsr etmişdilər. Tədbirdə Bahar qızın meydana gəlişi, fəslin şəninə söylədiyi şeir və mahnılar, Keçəllə-Kosanın məzəli dialoqu, ayrı-ayrı şagirdlərin ifaları, idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaratmaqla yanaşı zalda əyləşən uşaqların da sevincinə sevinc qatıb.
Tədbirdə çıxış edən müəllimlər məktəblilərin mütaliə mədəniyyətinin formalaşdırılmasında belə tədbirlərin rolunun böyük olduğunu vurğulayıblar.
Məktəbin xor kollektivinin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar iştirakçılarda xoş ovqat yaradıb. Görüşdə Zahid Xəlil şagirdlərin ünvanladığı suallara cavab verərək yaradıcılığı ilə bağlı maraqlı əhvalatlar danışıb, yeni şeirlərindən söyləyib.
Rəşad ZİYADOV |
|
15.03.2019 | 14:41 | |
|
|
|