Asan, rahat və şəffaf | |
Təhsil Nazirliyi tərəfindən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib. Müsabiqənin keçirildiyi bu müddət ərzində nüfuzunun qalxdığını deyən Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bunu müraciətlərin sayı ilə əsaslandırıb. Onun sözlərinə görə, layihə ilə müsabiqəyə qatılanların sayı 3 dəfə artıb.
Keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarət olan müsabiqə bu hədəfə çatır. Nəticələrinin təhlili göstərir ki, kifayət qədər məktəbi, müəllimi, şagirdi və valideyni əhatə edən müsabiqə maraq və rəqabət mühitinin yaranmasına səbəb olur: “Ümumtəhsil müəssisələri üzrə sonuncu müsabiqədə layihə təqdim edən 289 məktəbdən 79-u qalib olub. 854 fərdi layihədən 209 pedaqoji işçi uğur qazanıb. Qalib məktəblərin sayı cəmi 79 olsa da, 2000-ə yaxın məktəb bu və ya digər formada layihələrə cəlb olunub. 100 minə yaxın şagird, 14 minə yaxın müəllim, 12 minə yaxın valideyn prosesə cəlb edilib”.
Rəqəmlərə əsaslanan şöbə müdiri müsabiqənin kifayət qədər əhatəli olduğunu vurğulayıb. E.Əmrullayev əvvəlki müsabiqənin təhlili əsasında gəlinən bəzi qənaətləri də paylaşıb. Onun sözlərinə görə, indiyədək müsabiqəyə layihə ilə müraciət edən və ən çox qalib olan Bakı məktəbləridir.
Ancaq Sumqayıt, Quba, İsmayıllı, Gəncə, Beyləqan, Qax, Balakən, Şəki, Şəmkir, Ucardan daxil olan müraciətlər də nisbətən çoxluq təşkil edib.
Fərdi layihələrdə isə Bakı, İsmayıllı, Gəncə, Quba, Qazax, Saatlı, Bərdə və Sabirabad müəllimləri fəallıq göstəriblər. Qaliblər arasında Bakı üstünlük təşkil etsə də, ölkəmizin başqa şəhər və rayonlarında da iddialı müəllimlər tapılıb. Belə ki, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindən, Quba, İsmayıllı, Qazax, Beyləqan, Şəmkir, Balakən rayonlarından olan müəllimlərin layihələri fərqlənib.
Bu ildən isə müsabiqəyə daha çox məktəb və müəllimin qatılacağı gözlənilir. Bu da müsabiqənin təşkilində həyata keçirilən yeniliklə bağlıdır. Belə ki, müsabiqənin təşkilinin tamamilə elektronlaşdırılması, müraciət və qiymətləndirmənin tamamilə elektron qaydada aparılması prosesin asan, rahat və şəffaflığını təmin edəcək. E.Əmrullayev bütün prosesin elektron qaydada aparıldığını vurğulayaraq müsabiqə iştirakçılarının müqavilə bağlanana qədər hər hansı şəxslə əlaqəsinin olmayacağını vurğulayıb. Bu da müsabiqənin təşkilinin effektivliyi ilə yanaşı, nəticələrinin də şəffaflığını təmin edəcək. Bu amilin müsabiqənin nüfuzuna təsirsiz ötüşməyəcəyi, bu il daha çox layihə təqdim ediləcəyinə şübhə yeri qoymur.
III müsabiqə də 6 mövzunu əhatə edir. Təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə layihələr təqdim etmək və uğur qazanmaq istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Saytın daha bir üstünlüyü isə iştirakçıların öz layihəsi üzərində son ana qədər işləyə bilməsinin, dəyişiklik etmək imkanının təmin olunmasıdır.
Xatırladaq ki, layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100000, fərdi kateqoriya üzrə 10000 manatdan çox olmamalıdır.
Onu da qeyd edək ki, qrant müsabiqəsi və yeni yaradılan portaldan istifadə imkanları ilə bağlı bölgələrdə məlumatlandırıcı sessiyalara başlanılıb. Bu görüşlərdə müsabiqəyə qatılmaq istəyənlər istənilən sualına cavab tapa bilər.
Ruhiyyə DAŞSALAHLI
|
|
15.03.2019 | 10:22 | |
|
|
|