Azərbaycan Dövlət Dəniz Akademiyasının veb-saytının yeni versiyası təqdim olunub

Öncə çıxış edən ADDA-nın İnformasiya resurs mərkəzinin müdiri Sevinc Rzayeva ADDA-nın ilk saytının 2015-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanaraq isifadəyə verildiyini diqqətə çatdırib. Onun sözlərinə görə, bu gün informasiya texnologiyalarının yüksək inkişaf etməsi ADDA-nın saytının təkmilləşdirilməsini və yenilənməsini zəruri edib.

 

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək bu gün istənilən qurumun, təşkilatın veb-saytının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib  Bildirib ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış adda.edu.az saytı  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə tam cavab verir. O, həmçinin saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşdirildiyini vurğulayıb.

 

 İnstitutun proqramçısı Sərxan Yolçuyev adda.edu.az veb-saytı haqqında ətraflı məlumat verib. Bildirib ki, 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcək saytda geniş axtarış sistemi,  faydalı linklər və sosial şəbəkələrə keçidlər yer alıb.

 

Sonda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, texnika üzrə fəlsəfə doktoru Çingiz Əliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söz açıb, veb-saytın yeni versiyasının  yaradılmasında göstərilən köməyə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirib.

 



02.04.2018 | 17:30