Risk et və qələbə qazanmağın yolunu öyrən

Bakıda yeni intellektual yarış başlayıb. Başlayıb deyəndə ki, noyabr ayında start verilən həmin yarış artıq yekunlaşmaq üzrədir. Söhbət Təhsil Nazirliyinin Təhsildə İnkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində 20 məktəbin iştirakı ilə həyata keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışından gedir.

 

Hələlik 20 məktəbin iştirakı ilə keçirilən yarışın genişləndiriləcəyi, gələcəkdə daha çox sayda məktəbi əhatə edəcəyi şübhə doğurmur. 11-16 yaşlı məktəblilər arasında təşkil edilən bu ilk yarışda isə ancaq Bakı məktəbləri iştirak edir. Həmin 20 məktəb 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci  intellektual yarışının yarımfinal mərhələsində bir araya gəlib. 20 turdan ibarət yarışa hər məktəb 12 nəfərlik heyətlə qatılsa da, yarışın şərtlərinə görə, hər komanda azı 4,  ən çox isə 8 nəfər oyunçu ilə çıxış edə bildiyindən Bakı məktəblilərindən ibarət 20 komandanın hər biri 8 nəfərdən təşkil olunub. 4 nəfər isə ehtiyat heyətdə qalıb.

 

Beləliklə, azı 160 şagirdin iştirakı nəzərdə tutulan layihədə 8 tur arxada qalıb. Həmin 8 turun nəticəsinə əsasən, komandaların 5-i ələnib və 15 komanda yarımfinala çıxıb. Yarımfinalda da daha 5-i ələnəcək və finala 10 məktəb qalacaq.

 

 

15 komanda ilə yarımfinalda

 

 

Budur, bu da yarımfinal. Bu mərhələdə Bakı Avropa liseyinin “Fortuna” komandası, 287 nömrəli “Zəkalar” liseyinin “Zəkalar” komandası, 160 nömrəli məktəbi təmsil edən “Gimnaziyaçılar” komandası, akademik Zərifə Əliyeva adına liseyin “Tesla”  komandası, T.İsmayılov adına 6 nömrəli məktəbin “6-cı legion”u, İ.Əfəndiyev adına Elitar gimnaziyanın “Cerebrum” komandası,  P.Nəzərov adına 60 nömrəli məktəbin “Eagles” komandası, Humanitar fənlər təmayüllü məktəb-lisey, “Tərəqqi” texniki humanitar liseyin “Evolution”, T.Həsənov adına 23 nömrəli məktəbin “Mendeleyevin ikinci yuxusu”, 7 nömrəli məktəbin “Turan”, Kimya-biologiya təmayüllü Respublika liseyinin “Alfa”, 47 nömrəli məktəbin “Locus”, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin “Kvant” və nəhayət, 245 nömrəli məktəbin “Victory” komandaları yarışacaq. Onların hər biri güclü rəqibdir. Ancaq 8 turun təcrübəsindən çıxış edərək komandalar özünün əsas rəqibini müəyyənləşdirib.

 

“Zəkalar” liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Yusifovanın fikrincə, “Zəkalar”ın əsas rəqibi Bakı Avropa liseyinin “Fortuna” komandasıdır: “Fibonacci intellektual oyunu maraqlı, fərqli yarışlardandır. Bundan əvvəl Breyn-rinq, “Xəmsə” milli intellektual oyunu kimi yarışlarda fəal iştirak etmişik. Bu il 3 kateqoriya üzrə kuboku biz qazanmışıq. Bundan sonra da bu yarışların fəallarından olacağıq.

 

Belə yarışlar uşaqlara risk etməyi, çətin vəziyyətdən çıxmağı, qələbə qazanmağın yolunu öyrədir.

 

Fibonaccidə artıq 8 oyun oynamışıq. Çox ədalətli, şəffaf, açıq gedən oyundur. İndiyədək əsas rəqibimiz Avropa liseyi olub, ayrı-ayrı mərhələlərdə ya onlar qalib olub, ya da biz. İnanıram ki, son qələbə “Zəkalar” liseyinin olacaq”.

 

 

“Şagirdin məntiqini inkişaf etdirir, dünyagörüşünü artırır”

 

Fibonaccinin qaydalarına görə, hər tur 1 və ya 2 fənlə bağlı olur. Tarix, Azərbaycan və dünya coğrafiyası, riyaziyyat, fizika, kimya, Azərbaycan və dünya ədəbiyyatı, biologiya və başqa fənlərdən bilik tələb edən əyləncəli, düşündürücü, mülahizə tələb edən suallar şagirdlərin diqqətini dərhal cəlb edir. 15 komanda arasında qızğın mübarizə gedir. “Fortuna”, “Tesla”, “Gimnazistı”, “Zəkalar”, “Mendeleyevin ikinci yuxusu”, “6-cı legion”, “Cerebrum”, “Turan”, “Alfa”, “Locus”, “Kvant”, “Victory” komandalarının cavabları bir-birini izləyir. Komandaların üzvləri fürsət gözləyir, oyunun kimə keçməyindən, rəqib komandanın cavabının səhv, ya da düz olmasından asılı olaraq, haldan-hala düşür: gah sevinir, gah da...

 

Bəzi komandalar daha fəaldır. Cavabları səsləndirməyə, fikrini əsaslandırmağa çalışan komandaların səhvindən yararlanaraq öz cavab haqqını doğru dəyərləndirməyə çalışanlar, həyəcanla sırasını gözləyənlər də diqqətdən yayınmır. Verdiyi cavab səhv çıxanda uşaqların üzünü görmə. Bir sözlə, həyəcan, maraq dolu baxışlar əvvəlcə suallar üzərində gəzir, sonra komandaların arasında dolaşır, axırda öz komanda yoldaşlarının gözlərində birləşir. Bu yarışda suallara cavab verməklə işini bitmiş saya bilməzsən, cavabını əsaslandırmalı, qərarının arxasında durmalısan.

 

Suallar ekranda görünür. Dünyadakı 4 ayrı-ayrı məşhur binaları birləşdirən sözün “saray” olduğunu aydınlaşdıran komandalar sonrakı şəkildə 4 ayrı-ayrı məşhur şəxsi birləşdirənin onların adındakı “Xan” sözünü də tapırlar. Axırda da belə bir məntiqi nəticəyə gəldilər ki, burada söhbət “Sehirli xalat”dan gedir. Əyləncəlidir, elə deyilmi? Bu turda qalib gələn “Mendeleyevin ikinci yuxusu” komandasının sevincini ifadə etməyə söz ola bilməz. Onlar bir “afərin” qazandılar.

 

“Educon” Təhsil və Konsaltinq Mərkəzinin həmtəsisçisi Rəşad Kərimov  bu oyunla bağlı deyir: “Bəli, hər tur ayrı-ayrı fənnə aid olur. Ancaq sualların sırf həmin fənnə aid olacağını da demək olmaz. Suallar elə qoyulur ki, burada bilik və bacarıqların inkişaf etdirilməsindən başqa, konyuktiv və assosiativ düşüncə də inkişaf etdirilir. 4 şəkli birləşdirən ortaq söz, həmin 4 sözü birləşdirən ortaq nəticəyə gəlmək şagirdin məntiqini inkişaf etdirir, dünyagörüşünü artırır. Bir sözlə, Fibonacci şagirdlər arasında bilik və bacarıqlardan əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaq üçün keçirilir”.

 

Növbəti sual insanı komanda üzvü olub-olmamasından asılı olmayaraq, düşünməyə məcbur edir: bir London sakini 20 fərqli insanla düz 45 dəfə hansı mövzuda söhbət edə bilər ki? Hər kəs bilməsə də, intellektual, məlumatlı Bakı məktəblisi bilir. Londonlular hava haqqında danışmağı sevirlər.

 

Fikir axını davam edir. “Rəngli” çayların ən şimalda yerləşənini, insan bədənində sayı 218 olanı, doğulandan orqanizmində melonin piqmenti olmayan insanların necə adlandırıldığını çox düşünmədən tapırlar.

 

Arada fasiləyə də çıxırlar. Təşkilatçı məktəb zehnini xeyli yoran intellektual məktəblilərin fasilədə necə dincələcəyini də düşünüb. Layihə çərçivəsində keçirilən oyunlarda məktəblilərin istirahəti və qidanlanması üçün lazımi şərait yaradılıb. Fasilədən sonra şagirdlər yeni enerji ilə mübarizəyə girişirlər.

 

 

“Düşdüyümüz çətin vəziyyətlərdən çıxmağın yollarını öyrənirik”

 

 

“Zəkalar” liseyinin VIII sinif şagirdi Murad İsgəndərov komandasının yarışdakı iştirakından razıdır: “Liseyimiz bu cür intellektual yarışlarda fəal iştirak edir. Məsələn, “Xəmsə” milli intellektual oyununda hər il yer tuturuq. Məktəb komandasının fəal üzvlərindən biriyəm. “Xəmsə”də 2019-cu ildə 3 yaş kateqoriyası üzrə iştirak etdik və yer tutduq. Bu yarışlarda 2 dəfə “İlin ən yaxşı oyunçusu” seçildim”.

 

Məktəblinin yarımfinalla bağlı düşüncələrinə gəlincə, bu yarışda ciddi rəqibləri olduğunu deyir: “Klassik gimnaziyanın, Avropa liseyinin komandaları bu yarışda əsas rəqiblərimizdir. Yarış çox gərgin keçir, çoxlu risk etməli oluruq. Bəzən risklərimiz özünü doğruldur, bəzən isə bizi daha pis vəziyyətə salır. Amma nəticədə həyatı, düşdüyümüz çətin vəziyyətlərdən çıxmağın yollarını öyrənirik”.

 

 

“Burada komanda olmağı öyrənirik”

 

 

Yarış 160 nömrəli Klassik Gimnaziyanın IX sinif şagirdi Aydan Məmmədzadənin də çox xoşuna gəlib: “Biz yeniyetmə olduğumuz üçün hər şey bizə maraqlı gəlir. Fibonacci yeni və maraqlıdır.

 

Azərbaycanda belə səviyyəli intellektual yarış hazırlandığına görə çox şadam.

 

Bu yarışda biz komanda üzvləri ilə danışır, fikir mübadiləsi aparırıq. Məhz burada komanda olmağı, komanda şəklində mübarizə aparmağı öyrənirik”.

 

 

“Belə yarışların qalibi əzmkar olanlardır”

 

 

6 nömrəli məktəb-liseyin şagirdi İsmət Əliyev isə belə yarışların fərqli tərəflərindən danışdı: “Bütün oyunlarda iştirak etmişəm. Bu oyun bir çox məsələdə biz şagirdlərin yetişməyində rol oynayır. Məsələn, dünyagörüşümüzü inkişaf etdirir, bizə qalib olmağın necə bir hiss olduğunu öyrədir, qələbənin sevincini daddırır. Hər şagirdə tövsiyə edərdim ki, belə yarışlara qatılsın. Fikrimcə, əzmkar, dünyagörüşü böyük olan, hər şeylə maraqlanan şagirdlər belə yarışların qalibi ola bilərlər.

 

 

“Onların  nümayiş etdirdiyi biliyin əsasında təhsil dayanır”

 

 

Yarımfinala qədər gələn komandaların dünyagörüşü geniş olan əzmkarlardan ibarət olduğu şübhə doğurmur. Elə bunu nəzərə alan təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyir: “Final uğrunda çox ciddi mübarizə gedəcəyinə əminəm və burada, güclü rəqiblərin  əhatəsində qazanılan hər uğur böyük qələbə sayılmalıdır.

 

İntellektual yarışlar şagirdlərə əmin olduğu qərarın arxasında durmağı, öz fikrini əsaslandırmağı, başqasının fikrini dinləməyi və ona hörmətlə yanaşmağı öyrədir.

 

Bakı məktəblərinin ən güclü komandaları məhz bu yarışda müəyyənləşəcək. Ən güclü komandalar, ən güclü intellektual səviyyəli məktəblilər güclü məktəblərdə yetişir. Deməli, bu gün burada həm də ən güclü məktəblər müəyyənləşəcək. Hər bir şagirdin uğuruna məktəbi sevinir. Çünki həmin uğurda məktəbin payı böyükdür. Bu qədər intellektual şagirdin bir arada olması, əldə etdikləri yüksək bacarıqlar təsadüfi  deyil. Onların bu gün nümayiş etdirdiyi biliyin əsasında təhsil dayanır”.

 

M.Vəliyevanın fikrincə, intellektual yarışlar şagirdlərin biliyini tətbiqi bacarığa çevirmək imkanı verir: “Belə yarışların miqyasını genişləndirmək, daha çox şagirdin iştirakını təmin etmək Təhsil Nazirliyi üçün də məqsədəmüvafiqdir. Qurum olaraq daim belə təşəbbüslərə dəstək veririk”.

 

 

Onlar qiymətləndirildi

 

 

Təhsil Nazirliyinin dəstək verdiyi bu layihədə hər turun sonunda 3 qalib olur. 3 əsas yeri tutan qalib komandalar hədiyyələrlə mükafatlandırılsalar da, yarışdan əsas gözlənti tam fərqlidir. Ənənəvi deyil, əyləncəli metodlarla şagirdlərin dünyagörüşünün artmasına, məntiqi düşüncələrinin inkişafına nail olmaq. Mükafat isə motivasiya üçündür.

 

Yarımfinal mərhələsində də mükafatlar və mükafatlandırılanlar var. Oyun başa çatır. Qalibləri müəyyənləşdirmək üçün ballar hesablanır. İndiyədək, yəni ilk 8 turda bütün xallar toplanılıb və ona əsasən yarımfinalda iştirak edən 15 komandanın siyahısı müəyyənləşdirilib. Amma yarımfinal və final oyununda yalnız həmin oyunların nəticələri nəzərə alınır.

 

Yarımfinalın nəticələrinə görə ən yüksək nəticə ilə Bakı Avropa liseyinin “Fortuna” komandası, akademik Zərifə Əliyeva adına liseyin “Tesla”  komandası, 160 nömrəli məktəbin “Gimnaziyaçılar” komandası, “Zəkalar” liseyinin “Zəkalar” komandası və 6 nömrəli məktəbin “6-cı legion” komandası ilk beşlikdə qərarlaşdı.

 

 

“Yarışlar davam edərsə...”

 

 

Son beşlikdə qərarlaşanlar - Kimya-biologiya təmayüllü Respublika liseyinin “Alfa”, 47 nömrəli məktəbin “Locus”, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin “Kvant”, “Tərəqqi” texniki humanitar liseyin “Evolution” və nəhayət, 245 nömrəli məktəbin “Victory” komandaları yarışı tərk etdi.

 

Ələnən komandalardan biri - 245 nömrəli məktəbin “Victory” komanadasının kapitanı Yusif Fərəcli deyir ki, məktəb 12 nəfərlik heyətlə təmsil olunub və yarımfinala qədər uğur qazanıb: “Əlbəttə ki, axıra qədər gəlib, son anda yarışdan ayrılmaq bizim üçün çətindir. Təəssüf ki, uduzduq. Finala gedə bilərdik. Sualların çoxunu tapırdıq. Mübarizəni yarımçıq dayandırmağımızı sadəcə şanssızlıqla əlaqələndirirəm. Bir də  taktika. Son suallar bizi bir az çaşdırdı”.

 

Onların Fibonacci ilə bağlı fərqli planları var: “Bu yarışları sevdik. Bundan sonra məktəbimizdə də Fibonacci keçiriləcək. Düzdür, hələlik təcrübə şəklində olacaq. Növbəti ildən bu yarışlar davam edərsə, daha güclü heyətlə, daha hazırlıqlı formada qatılacağıq”. 

 

 

“Region məktəblərini də bu oyunlara cəlb etməklə daha böyük uğura imza ata bilərik”

 

 

Oyun meydanı, 6 nömrəli məktəb-liseyin geniş auditoriyası artıq tamam boşalıb. Ələnən ələnib, qalanlar sevincini bölüşmək, finala hazırlaşmaq üçün yenidən məktəblərinə qayıdıb. 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova həm təşkilatçı tərəf olaraq yarışın təşkilindən, həm də nəticəsindən razı qalıb. Axı, rəhbərlik etdiyi məktəbin komandası ilk beşlikdə qərar tutub: “Şagirdlər bu yarışda yüksək intellekt nümayiş etdirirlər. Düzü, hesab edirəm ki, burada əsas şərt iştirakdır, qələbə deyil. Bu mərhələyə qədərki oyunlardan hər kəs həzz aldı”.

 

Maraqlıdır, məktəb layihədə nəzərdə tutulanları yerinə yetirə bildimi? Direktorun sözlərinə görə, layihədə bəzi dəyişikliklər olub: “İlkin olaraq, layihəyə 60 məktəbi cəlb etmək fikrindəydik. Ancaq 20 məktəblə başlamalı olduq. Çox uğurlu layihə oldu. Nəticəsi yalnız təşkilatçıları deyil, oyunçuları da çox sevindirdi. 6 ay ərzində tətil günləri, istirahət günləri olmasına baxmayaraq, keçirilən oyunlar göstərdi ki, uşaqlarda buna böyük həvəs və maraq var”.

 

G.Orucova əmindir ki, daha çox intellektual potensialı olan uşaqların üzə çıxması, məktəblərdə belə oyunlara marağın artması şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayacaq: “Düşünürəm ki, gələcəkdə region məktəblərini də bu oyunlara cəlb etməklə daha böyük uğura imza ata bilərik”.

 

Gülşən xanım deyir ki, rəhbərlik etdiyi məktəbin komandasının uğuruna sevinsə də, burada söhbət yer qazanmaqdan getmir: “Burada şans da əsas şərtlərdəndir. Əsas odur ki, oyunlar keçirilsin”.

 

Final isə martın 16-da olacaq. Həmin oyunun nəticəsinə görə 10 komanda arasında 3 əsas yerin sahibi müəyyənləşdirilərək mükafatlandırılacaq.

 

Qeyd edək ki, ümumilikdə layihə üzrə bir promo oyun, 8 oyun, bir yarımfinal keçirilib. Şagirdlərin motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələr ilə mükafatlandırılıb. 10 ən yüksək nəticə göstərən komanda final mərhələsinə keçmək hüququ qazanıb. Yarımfinal mərhələsində finala keçmək hüququ qazana bilməyən komandalara tədbirin fəxri qonaqları tərəfindən layihədə iştiraka dair xüsusi sertifikat və hədiyyələr təqdim olunub.

 

 

Ruhiyyə DAŞSALAHLI



07.03.2019 | 11:25