Müəllimin peşəkar fəaliyyətində özünütəhlil və özünüqiymətləndirmə | |
“21-ci əsr texnologiyalar dövrüdür”. Yəqin ki, bir çoxumuz hər gün bu cümləni eşidir, yaxud oxuyuruq. Lakonik də olsa, çağımızın ən gözəl açıqlamasıdır bu sözlər. Texnologiyaların sayəsində gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən digər bir həqiqət isə sosial şəbəkələrdən istifadə məsələsidir. İnsanların niyə sosial şəbəkələrə üz tutduqları barədə keçirilən sorğuda verilən cavablar isə bir-birindən fərqlənir. Sosial şəbəkədə olan insanlardan onların əslində kim olduqlarını soruşsaq, onlar özləri olduqlarını iddia edərlər. Halbuki özləri deyil də, avatarlarının onları ictimaiyyətə təqdim etdiklərinin fərqində deyillər. Sosial şəbəkələrdə olan insanların əksəriyyəti real həyatda olduqlarından olduqca fərqlənirlər. Buna səbəb olan amillər çoxdur. Türk ailə və evlilik terapisti Serhat Yabancı belə insanları “vitrin həvəskarı” adlandırır. Bu insanlar dükanın içi ilə deyil, daha çox çölü ilə maraqlanır. Ziyarətçiləri dükanına əlində olan mallarla deyil, onların bəzək-düzəkli reklamları ilə cəlb edir. Təbii ki, bu sehr insanlar məkana gələnə qədər davam edir. Vitrindəki malın dükanın içindəkilərlə əlaqəsi olmadığını görən müştəri, şübhəsiz ki, həmin məkanı düşünmədən tərk edir. Sosial şəbəkələrdə insanlar bəlkə də şanslıdırlar, çünki izləyicilər sadəcə onların vitrinindən xəbərdar olurlar. Ancaq əfsuslar olsun ki, real həyatda və işimizdə bu qədər üstünlük sahibi olmaq mümkün deyil.
Bu aktual məsələ əslində bizə bir sıra məsələlərdə dəstək ola, yeni fikirlər gətirə bilər. Məsələn, özünüqiymətləndirmə mövzusunda bir sıra məqamlardan yararlana bilərik. Sadə bir misal olaraq videobloggerləri göstərmək olar. Ən məşhur və o cümlədən çox sayda izləyicisi olan videobloggerlərin kanalına göz gəzdirdikdə maraqlı bir məqam nəzərə çarpır. Bu insanlar hər zaman belə uğurlu və gündəmdə olmayıblar. Hətta 10-15 izləyici ilə bu işə başlayanlar var.
Türk Youtube bloggeri Barış Özcan buna ən gözəl nümunələrdən biridir. Barış Özcan hər həftə əsas məzmun olaraq mürəkkəb texnoloji konsepsiyaları və sosial problemləri öz videolarında sadələşdirilmiş dildə izah etməyə çalışır. Bu bloggerin 8 il əvvəl paylaşdığı videonun 17.000 baxış sayı olduğu halda, hazırkı videolarına orta hesabla 1 milyon insan baxıb. Bu, o deməkdir ki, Özcanın birinci videosunu ilk paylaşıldığı zaman izləyən insan sayı hələ 17.000-dən də az idi. Buna səbəb həm həmin dövrdə Youtube istifadəçilərinin sayının az olması, həm də bloggerin o qədər də tanınmaması ola bilər. Bu, o deməkdir ki, zaman keçdikcə, Özcan məşhurlaşıb və sonradan onu izləməyə başlayan insanların bir hissəsi yeni videolarla yanaşı, keçmiş videoları da izləyib və baxış sayı artmışdır. Bəs Barış Özcan buna necə nail oldu? Necə oldu ki, sıradan bir yeniyetmə məktəbli, bir tələbə, bir həkim, bir müəllim, bir ana, bir ata və s. onu izləməyə başladı? Yuxarıda qeyd edildiyi kimi, bu blogger texnologiya və sosiologiya kimi iki olduqca mürəkkəb olan sahəni insanlar üçün daha anlaşılan dillə və dövrün mövcud problemlərinin həlli yollarının əslində biz, yəni insanlarda olduğunu vurğulayaraq çatdırır. Bu, onu göstərir ki, izləyicilərin yaşı, peşəsi, xarakteri bu videolari anlamaq üçün çərçivə deyil və hər kəs bu biliklərdən faydalana bilər.
Digər bir məsələ isə Özcanın və bir çox məşhur bloggerin müraciət etdiyi özünüqiymətləndirmə üsuludur. Bloggerlərin əksəriyyəti etiraf edir ki, imkan olduqca əvvəlki videolarını açıb izləyir və özlərini təhlil edərək nöqsanlarını görməyə çalışırlar. Bu, onlara özlərinə tənqidi yanaşmağa və hansı yollardan keçərək işlərini təkmilləşdirdiklərini xatırlamağa kömək edir. Əslində hər birimiz gündəlik həyatımızda bu üsulu tətbiq edə bilərik, bəlkə də artıq edirik.
6 il bundan əvvəl müəllimlik fəaliyyətimi müşahidə etmək üçün bir metoddan istifadə etməyə başladım və bu, mənim işimdə ənənəyə çevrildi. Hər semestrin sonu, Academic Writing fənnini tədris etdiyim qruplarda tələbələrə mənə ingilis dilində esse yazmağı tapşırıram. Bu essenin digərlərindən fərqi odur ki, tələbələr mənə demək istədikləri nə varsa, yazılarında paylaşırlar və bu esseyə görə qiymətləndirilmirlər. Təbii ki, bütün yazılar eyni olmur. Təşəkkür edənlər, məndən çox şey öyrəndiyini, tələbələrin qiymətləndirilməsində ədalətli olduğumu deyənlər, dərslərin çox maraqlı keçdiyini qeyd edənlərlə yanaşı, dərs ilinin ilk günlərində məndən qorxan və hətta qrupunu dəyişmək istəyən, dərslərdə sıxılan, lovğa olduğumu, bəzən həddindən artıq danışdığımı bildirənlər də olub. Hər yeni qrupun yazılarını oxuduqca əvvəlki illərdə yazılan esselər ilə qarşılaşdırıram və müsbət qarşılanan cəhətləri inkişaf etdirməyə, eyni zamanda mənfi qarşılanan xüsusiyyətləri zəiflətməyə, yaxud tamamilə tərgitməyə diqqət yetirirəm. Bu üsul mənə dərs prosesində və müəllim-tələbə münasibətində nələrə diqqət yetirməli olmağımda olduqca kömək olur.
Bəs əgər tədris etdiyimiz fənn bizə esse yazdırmaq imkanı vermirsə, o zaman hansı yollardan istifadə edə bilərik? Ötən il A1 səviyyəsində olan qrupumda Listening and Speaking fənnini tədris edirdim və dərs prosesində tələbələrin ingilis dilində nitq söyləyərkən böyük çətinliklərlə üzləşdiklərinin şahidi oldum. Hər nitqin sonunda etdikləri səhvlər barədə rəy versəm də, növbəti nitqlərində bu rəylərin çox az işə yaradığını gördüm. Çünki edilən səhvlər tək söz ehtiyatının azlığı ilə bağlı deyildi. Tələbələrin kompleksləri və həyəcanlı olmaları da danışmalarına mane olurdu. Danışan zaman onlara müdaxilə edib səhvlərini düzəltmək heç işə yaramazdı. Bunun üçün bir üsulu yoxladım. Tələbələrə növbəti həftə üçün hazırlayacaqları nitqi evdə telefonlarının kamerasına çəkib gətirmələrini tapşırdım. Bu, onların həm təəccüblərinə, həm də maraqlarına səbəb oldu. Sosial şəbəkələrdə aylarla, illərlə izlədikləri və onlarda maraq oyadan format indi onların özlərinə lazım olmuşdu, həm də dərslərində. Həftə boyunca bu tapşırığa necə həyəcanla hazırlaşdıqları üzlərindən oxunurdu. Tapşırıq günü, tələbələrin videolarını izləyərkən əksəriyyətinin dediyi cümlə bu oldu: “Müəllim, bilirsiniz neçə dəfə silib təzədən çəkmişik?”. Videolar birinci dəfə üçün olduqca uğurlu alınmışdı və biz bu ənənəni bir neçə həftə davam etdirdik. Təxminən, bir ay sonra tələbələr artıq nitqlərini evdə çəkib gətirmirdilər, dərsdə şifahi danışırdılar. Onların nəinki nitqləri, hətta mimika və jestlərdən istifadələri də inkişaf etmişdi. Tələbələrin mənə dediyi həmin cümlə məni düşünməyə və bu mövzunu, yəni özünümüşahidə və qiymətləndirmə mövzusunu daha dərindən araşdırmağa məcbur etdi. Mənə ən maraqlı gələn isə Bill Qeytsin bu metodu tələbələrə deyil, müəllimlərə tətbiq etmək ideyası oldu.
2013-cü ildə TED Talk for Education-da çıxış edən Bill Qeyts real və keyfiyyətli rəylərin müəllimlərə və Amerikanın təhsil sisteminə təsir göstərəcəyini vurğulamışdır. Qeytsin fikrincə, həftəlik dərs qruplarında bir-birlərini izləyən və dəstək verən həmkarlar sayəsində müəllimlər bacarıqlarını inkişaf etdirmə fürsətinə sahibdirlər və bundan əlavə, gənc müəllimlər də daha səriştəli pedaqoqların təcrübələrindən faydalana bilirlər.
Bu üsul bizim yerli təcrübəmizdə geniş şəkildə istifadə olunur və çox sevindirici haldır ki, müəllimlər özünüqiymətləndirmədə maraqlıdırlar. Lakin burada bəzi ciddi məqamlar var. Təəccüblü deyil ki, bu məqamda insan faktoru, şəxsi münasibətlər və fərdi xüsusiyyətlər mühüm rol oynayır. Misal üçün, təhsil müəssisəsində işləyən müəllimlərin bir-biriləri ilə olan münasibəti bərabər deyil. Düzdür, iş prosesində obyektiv və peşəkar davranmaq şərtdir, ancaq əfsuslar olsun ki, heç də həmişə belə olmur. Əgər bir müəllim özünə rəqib bildiyi müəllimin dərsini izləyirsə, verdiyi rəydə səmimi olmaya bilir. Həmçinin, şəxsi münasibətləri çox gözəl olan iki müəllimin də bir-birlərinə verdiyi rəylər həqiqətə uyğun olmaya bilər. Digər bir misal, insan normal olaraq bir dərsi əvvəlindən sonuna qədər eyni diqqətlə izləyə bilmir. Bu, o deməkdir ki, mühüm məqamlar da nəzərdən yayına bilər.
Qeytsin layihəsi bu problemin həlli yolunda vacibdir. Bill və Melinda Qeyts Fondu tərəfindən aparılan üçillik tədqiqat layihəsi olan Effektiv Tədris Tədbirləri (MET), sinif videolarının müəllimlərin öz performansını qiymətləndirmək üçün effektiv bir sistem olduğunu göstərmişdir. Proqramda iştirak edən müəllimlər qeyd etdilər ki, bu, onlara özlərini kənardan müşahidə etməklə inkişaf etdirməli olduqları sahələri asanlıqla görmək imkanı verdi. Bu layihədə iştirak edən müəllim Sara Braun Ueslinqin təəssüratları maraqlıdır : “Mən düşünürəm ki, bu videonun bizə təqdim etdiyi şey müəyyən bir reallıq dərəcəsidir. Videoda gördüklərimizə etiraz edə bilmərik və bundan öyrəniləcək çox şey var. Bunu izləyəndə öz sahəmizdə inkişaf etdirəcəyimiz çox şey olduğunu görürük. Mənim fikrimcə, bu, bəsit, amma güclü bir vasitədir.”
Bu metod o cümlədən səriştəli və pedaqoji sahədə öz sözünü demiş müəllimlərin təcrübələrindən yararlana bilən insanların da sayını artıra bilər. Belə ki, həmin müəllimlərin dərs videolarının daha çox müəllim tərəfindən izlənməsi o müəllimin dərsində olmaq istəyib və ola bilməyənlər üçün böyük şansdır. Bu proses təhsil müəssisələri tərəfindən təşkil olunarsa, daha sistemli və nizamlı olar. Yazıya başlayarkən qeyd etdiyim kimi, texnologiyalar dövründə yaşayırıq, buna görə də əlimizdə olan imkanlardan asanlıqla istifadə edə bilərik.
Dövlət İmtahan Mərkəzinin yeni “videodərs” sosial layihəsinə başlaması bu yolda çox gözəl bir addımdır. Bu layihənin müəllimlərdə özünütəhlil və özünüqiymətləndirmə üçün çox böyük motivasiya yaradacağına inanıram. Bir neçə qrupumda bu mövzuyla bağlı sorğu keçirərkən tələbələrin də bu işdə həvəsli və maraqlı olmaları məni sevindirdi. Gənclərin bu cür komplekssiz və yeniliklərə açıq olması bizə işimizdə böyük kömək olur. Onları dərsin izlənilməsi narahat etmir, hətta bunun metodoloji məqsədlə edildiyini və inkişafa doğru apardığını özləri təsdiqləyirlər. Bu layihənin də məqsədi məhz elə öz üzərində işləmək istəyənlərə yardımçı olmaqdır.
Günel BAYRAMOVA, Bakı Mühəndislik Universitetinin ingilis dili müəllimi |
|
08.03.2019 | 11:11 | |
|
|
|