“Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib | |
Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib. Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə ölkəmizi Macarıstanda yaşayan həmyerlimiz – səkkiz yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək II yeri tutub və gümüş medala sahib olub. Mina bundan öncə də fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində keçirilən “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışmasının qızıl medalını qazanmışdı. Bu isə Mina Abbasovanın qazandığı II böyük qələbəsidir.
Qeyd edək ki, 200-dək iştirakçının qatıldığı budəfəki yarışda Mina Abbasova iki qat Asiya çempionu, Rusiya və Özbəkistanın beynəlxalq dərəcəli idman ustası Elezaveta Nazarenkadan ustad dərsləri alıb. Ustad məşqçi balaca gimnastın imkanlarının çox böyük olduğunu bildirib.
Qeyd edək ki, balaca gimnastın ən böyük istəyi Azərbaycanı dünya və olimpiya çempionatlarında təmsil etmək və bayrağımızı zirvələrdə dalğalandırmaqdır.
Sifai SƏFƏROVA
|
|
28.02.2019 | 18:00 | |
|
|
|