NDU-da Beynəlxalq Yazıçılar Günü qeyd olunub | |
Naxçıvan Dövlət Universitetində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla görüş olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ədəbiyyat adamlarını salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Beynəlxalq Yazıçılar Gününün tarixindən danışan rektor bildirib ki, 1986-cı il martın 3-də Beynəlxalq PEN-klubun 48-ci konqressinin qərarına əsasən qeyd edilən bayram dünyanın ayrı-ayrı ölkələrində yaşayan yazıçıların həmrəyliyi məqsədilə təsis edilib. Muxtar respublikada elmi mühitin inkişafı üçün hərtərəfli şəraitdən bəhrələnən yazarlarla artıq ənənə halını alan görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığı vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar muxtar respublikada ilk dəfə qeyd olunan günün tarixi əhəmiyyətindən danışıb. Birliyin sədri “Naxçıvan ədəbi mühiti” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salaraq vurğulayıb ki, birliyin indiyə kimi 30-a yaxın almanaxı dərc olunub. Bunların 15-si son 12 ildə işıq üzü görüb. Vurğulanıb ki, Sovetlər Birliyi dönəmində Naxçıvan Yazıçılar Birliyinin cəmi 11-12 üzvü olduğu halda, indi onların sayı 70 nəfərə çatıb. Bir çox uğurlara imza atan Yazıçılar Birliyinin bədii tərcümə sahəsində də məqsədyönlü fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Elxan Yurdoğlu, Nərgiz İsmayılova, gənc şairlərdən Mirşahin Seyidov, Ruslan Ələkbərli, əslən şəkili olan yazar Hədiyyə Şəfaqət öz şeirlərini bədii qiraət ediblər. Tələbələrin sualları şairlər tərəfindən cavablandırılıb, birgə aparılan diskussiya tədbiri daha yaddaqalan edib. |
|
28.02.2019 | 09:30 | |
|
|
|