“Gənclərin təhsili ödənişlidən ödənişsizə keçəcək” | |
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi və ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamları geniş rezonans doğurub. Bu il martın 1-dən həm də ali məktəb tələbələrinə verilən Prezident təqaüdünün məbləğinin artırılmasını təmin edən Fərmanı da nəzərə alsaq, hesablamalara görə, bu tədbirlərdən sonra ölkədə təhsilalanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi dönüş yaranacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, bu yeniliklər bir tərəfdən qayğı, digər tərəfdən isə stimullaşdırmadır: “Stimul verir ki, tələbə nə qədər çox çalışsa, dövlət ona bir o qədər çox qayğı göstərəcək. Xüsusi qeyd etməli olduğumuz bir məsələ də var. Bildiyiniz kimi, ödənişli təhsil alan tələbələr də akademik göstəriciləri uğurludursa, təqaüd alırlar. Ödənişli təhsil alan tələbə adlı təqaüd də ala bilər. İndi siz təqaüdün məbləğinə baxın. Ödənişli əsaslarla təhsil alan tələbə əlaçılıq təqaüdü alırsa, həmin təqaüdlə o, il ərzində təhsil xərcini də ödəyir, müəyyən problemlərini də həll edə bilir. Deməli, dövlət ödənişli təhsil alan tələbəyə ödədiyi təhsil haqqını geri qaytarır. Dolayısı ilə ödənişli təhsili ödənişsizə çevrilir. Başqa sözlə, dövlətin göstərdiyi qayğıya münasibəti adekvat olacaqsa, gənclərin təhsili ödənişlidən ödənişsizə keçəcək”.
Millət vəkilinin sözlərinə görə, bu fərman və sərəncamlar dövlətin gəncliyə çağırışı kimi dəyərləndirilməlidir: “Ödənişsiz təhsil almaq, dövlətin yaratdığı fürsətlərdən yararlanmaq üçün çox çalışan gənc mütəxəssis daha yaxşı kadr olacaq və dövətin inkişafına daha çox töhfə verəcək. Rəqəmlərdən görünür ki, sözügedən Fərman və sərəncamların qüvvəyə minməsi ilə ölkədə təhsilalanların 90 faizi ödənişsiz təhsil ala biləcək. Özəl təhsil müəssisələrində 16 mindən bir az çox, dövlət təhsil müəssisələrində 50 minə yaxın tələbə təhsil alır. Bu qərarlar 120 min doktorant və tələbəyə şamil olunacaq. Məncə, bu fərman və sərəncamlar dövlətin gəncliyə çağırışı kimi dəyərləndirilməlidir”.
Ruhiyyə
|
|
27.02.2019 | 14:05 | |
|
|
|