Müddətsiz əmək müqaviləsi ilə işləmək üçün yeni imkan

Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbulu (MİQ) ilə bağlı obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə daha bir yeniliyə imza atıb. Belə ki, respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması prosesinə start verilib. Bu məqsədlə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun sözlərinə görə, sözügedən müsahibələrdə yalnız 2016-2017 və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan,  tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə biləcəklər. 

 

Aparılan təhlillərdən sonra belə müəllimlərin sayının təxminən 1500 nəfərə yaxın olduğu müəyyənləşib: “Həmin müəllimlərin əmək müqavilələrini müddətsiz müqaviləyə keçirmək məqsədilə martın 29-dan artıq elektron qeydiyyat başlayıb. Namizədlərdən tələb olunur ki, müəllimlərin işə qəbulu ilə bağlı mövcud portal vasitəsilə qeydiyyatdan keçsinlər.

 

Qeydiyyatın son tarixi 4 apreldir. Qeydiyyat başa çatdıqdan sonra biz həmin müəllimlərin bəzi şərtlərə uyğun olub-olmamasını araşdıracağıq. Şərtlərdən ən əsası həmin müəllimlərin mütləq şəkildə müəyyən edilmiş keçid balını toplamasıdır. Bundan başqa, namizədlərin çalışdıqları müəssisələrdə vakant yerlər mövcud olmalıdır. Onların tədris etdikləri dərs yükü sosial məzuniyyət və yaxud sağlamlıq durumu ilə bağlı işdən uzaqlaşmış digər müəllimlərin dərs yükü olmalı deyil. Təbii ki, bu meyarlar uyğun gəldikdən sonra namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən də uğurla keçən müəllimlərin əmək müqavilələri daimiləşəcək”.

 

Bütün namizədləri qeydiyyatdan keçməyə çağıran E.Bağırov onu da bildirib ki,  qeydiyyatdan keçməyən müəllimlərin sonradan müraciətlərinə baxılmayacaq.

 

Prosedur qaydalardan da söhbət açan müdir müavini qeyd edib ki, qeydiyyatdan keçən namizədlərə növbəti mərhələ ilə bağlı şəxsi səhifədə məlumat veriləcək. Şərtlərə cavab verməyən müəllimlərə imtina, şərtlərə cavab verənlərə isə müsahibənin keçirilmə tarixi və ünvanı deyiləcək.

 

E.Bağırov keçid balları ilə bağlı məsələlərə də toxunub: “Həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 42, musiqi fənni üzrə 30, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri  üzrə keçid balı 36, musiqi fənni üzrə isə 24 bal müəyyənləşdirilib. Digər fənlər üzrə keçid balları müvafiq olaraq 36 və 48 bal müəyyən edilib”.

 

Müddətli müqavilə ilə çalışan müəllimlərin daimi işlə təmin olunması məsələsi gələcəkdə də bu qaydada həyata keçiriləcək. E.Bağırov bildirir ki, 2018-ci ildə keçiriləcək MİQ müsabiqəsində vakant yerlər qalarsa və həmin vakant yerlərə müddətli müqavilə əsasında müəllimlər götürülərsə, gələn il bu qaydada onların müddətsiz işə qəbulu məsələsinə baxılacaq.

 

Şöbə müdirinin müavini prosesin ilk dəfə mərkəzləşdirilmiş qaydada keçirildiyini də xüsusi vurğulayır: “Əvvəlki illərdə müddətli müqavilə ilə çalışanlar daimi iş yerinə düzəlmək üçün Təhsil Nazirliyinə şifahi, ərizə və ya elektron formada müraciətlər edirdilər. Biz bu müraciətlər əsasında həmin müəllimlərin məsələsinə baxırdıq. Elə bu müraciətlərin sayının çoxalmasını nəzərə alaraq qərara gəldik ki, həmin müəllimlərin mərkəzləşmiş qaydada, elektron proqram təminatı vasitəsilə birdəfəlik daimiləşmə məsələlərini həll etsək daha düzgün, şəffaf, obyektiv olar”.

 

Namizədlərin müraciətlərindən sonra saya uyğun olaraq komissiyaların təşkil ediləcəyini deyən E.Bağırov müsahibə proqramları və materiallarını tam mənimsəyən, peşəkarlıq səviyyəsi yüksək olan müəllimlərin daimi işlə təmin olunacağını vurğulayır: “Komissiyaların tərkibində Təhsil Nazirliyinin nümayəndəsi, həmin ixtisasdan olan tanınmış bir müəllim və məktəb direktoru olacaq”.

 

Qeyd edək ki, müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

 

Niyazi RƏHİMOV

 



30.03.2018 | 12:28