NDU-da elmi-praktik konfrans | |
Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Rektor ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.
“Xocalı həqiqətləri : insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri”adlı çıxışında “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Arzu Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, xalqımıza qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar və soyqırımı cinayətləri barədə ətraflı məlumat verib.
Bədən tərbiyəsi və idman ixtisası üzrə V kurs tələbəsi Əhməd Əhmədov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması” adlı çıxışında soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönələn "Xocalıya ədalət" beynəlxalq kampaniyasının uğurlu fəaliyyətindən danışıb.
|
|
25.02.2019 | 14:26 | |
|
|
|