TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı başa çatıb | |
17-24 mart 2018-ci il tarixlərində Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı həyata keçirilib.
Azərbaycanın ev sahibliyi etdiyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı”na Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 38 şagird və 6 təlimçi qatılıb.
Tədbirin açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, TDƏŞ Katibliyinin, Türkiyə və Qırğızıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, mübadilə proqramının iştirakçıları və KİV təmsilçiləri iştirak edib.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamladıqdan sonra mübadilə proqramı iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı zamanı Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanış edilməsinin böyük önəm daşıdığını vurğulayıb. Nazir müavini proqrama əsasən, iştirakçılara zəngin multikultural dəyərlərə, mədəniyyətə və tarixə malik olan Azərbaycan haqqında məlumat veriləcəyini, müvafiq sahələr üzrə aparıcı mütəxəssislər tərəfindən təlim və mühazirələr keçiriləcəyini deyib.
Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc bir təşkilat olduğu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyi barədə məlumat verən nazir müavini bunun əsas səbəbini üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olması ilə əlaqələndirib.
Nazir müavini mübadilə proqramının şagirdlərə Türk Şurasına üzv ölkələrdən olan həmyaşıdları ilə dostluq əlaqələri qurmağa və bu əlaqələri gələcəkdə də davam etdirməyə şərait yaratdığını vurğulayıb. Həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran Firudin Qurbanov ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına minnətdarlığını ifadə edib.
Mərasimdə çıxış edən TDƏŞ Katibliyinin layihə rəhbəri Yıldız Uzakova və Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat Türk Şurasının ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə geniş imkanlar yaratdığını bildiriblər.
TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı iştirakçılarının ilk günü Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti ilə başlayıb.
Daha sonra ADA Universitetində təşkil edilmiş “Cümhuriyyət 100” adlı mühazirədə proqram iştirakçılarına dövlətimizin yaranma tarixi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüş işlər, müstəqilliyimizin bərpasından sonra əldə edilmiş nailiyyətlər barədə söhbət açılıb.
“Türk dünyası ortaq mədəni dəyərlər mövzusunda təqdimat”ı dinləyərək şagirdlər Türk dünyasının tarixi, ortaq dəyərləri, həmçinin TDƏŞ-in tarixi və hazırkı əməkdaşlıq istiqamətləri üzrə ətraflı məlumat əldə ediblər.
Milli Azərbaycan Tarixi Muzeyi, həmçinin Şirvanşahlar sarayını ziyarət edən proqram iştirakçıları ən qədim zamanlardan bu günə qədər ölkəmizin tarixi ilə yaxından tanış olublar.
Proqram iştirakçıları 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, ermənilər tərəfindən törədilmiş vəhşiliklərin əyani şahidi olublar.
Dünyanın ən qədim yaşayış məskənlərindən biri kimi Azərbaycanı yaxından tanımaq üçün proqram iştirakçılarının Qobustan Milli Tarix Bədii Qoruğu, “Qala” Tarix-Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-memarlıq Qoruğuna səfərləri təşkil edilib, həmçinin onlara ölkəmizdə multikultural ənənələrin və tolerantlığın qorunub saxlanması barədə bilik aşılanıb.
Proqram iştirakçıları Müasir Azərbaycanın rəmzlərindən olan, keçmişlə gələcəyin həmahəngini təcəssüm etdirən Heydər Əliyev Mərkəzi, ölkəmizin xalçaçılıq ənənələrini özündə əks etdirən Xalça Muzeyi, həmçinin YARAT Müasir İncəsənət mərkəzinə səfər edərək Azərbaycanın müasir incəsənəti, tarixi, milli adət-ənənələri ilə yaxından tanış olublar.
Mübadilə proqramı 17-24 mart tarixlərində keçirildiyindən proqram iştirakçıları xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramını birlikdə qeyd edərək Novruz adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Proqram çərçivəsində şagirdlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Bakı Dənizkənarı Milli Parka səfər edib, həmçinin bütün proqram ərzində həmyaşıdları ilə ünsiyyət qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər.
24 mart tarixində TDƏŞ orta məktəb şagirdlərinin ikinci proqramı başa çatıb.
Qeyd edək ki, 5 sentyabr 2015-ci il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Astana şəhərində keçirilmiş dördüncü görüşündə “TDƏŞ çərçivəsində orta məktəb şagirdlərinin mübadilə proqramının qaydaları” adlı sənəd qəbul edilib. Bu sənədə əsasən, 2016-cı il aprelin 4-dən 14-dək birinci mübadilə proqramı çərçivəsində üç ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan) şagirdləri Türkiyəyə səfər ediblər. |
|
30.03.2018 | 11:47 | |
|
|
|