Su damlaları | |
Hər tərəf sudur, amma içmək üçün bir damcı da yoxdur
Fəslin mövzusu:
Ətraf mühit, ümumi insan hüquqları
Çətinlik dərəcəsi: II dərəcə
Yaş həddi: 7-13 yaş
Tələb olunan vaxt: 60 dəqiqə
İştirakçı sayı: 5-20 uşaq
Oyunun növü: Praktik təlim, prioritetlərin müəyyənləşdirilməsi, müzakirə
Xülasə: Uşaqlar suyu necə qənaətlə istifadə etmək olar problemini həll edirlər.
Onlar ətraf aləmin ən mühüm resurslardan birinin qorunmasında şəxsi fəaliyyətlərinin əhəmiyyətini müzakirə edirlər.
Vəzifələr:
* Gündəlik həyatda təbii ehtiyatlardan səmərəli istifadə anlayışını inkişaf etdirmək.
* Su ehtiyatlarının və ümumiyyətlə, ətraf mühitin qorunması yollarını müzakirə etmək.
* Uşaqlara öz hüquqlarını dərk etməkdə kömək etmək.
* Təbii ehtiyatların səmərəli istifadəsini və suya qənaət ilə əlaqədar fərdi fəaliyyəti rəğbətləndirmək.
Hazırlıq:
* Sinifdəki uşaqların sayı qədər stəkan və ya fincan hazırlamaq.
* İki litrlik su qabını su ilə doldurmaq. Qabda bütün stəkanları doldurmaq üçün kifayət qədər su olmalıdır. Sinifdə çox uşaq olduqda daha çox qab hazırlamaq.
* Suya qənaət etmək üçün fincan və ya ayrı bir qab hazırlamaq.
* “Paylama materialı” bölməsində verilən “Su damlası”nın surətini hər bir uşaq üçün çıxarmaq.
Materiallar:
* İki litrlik su qabları
* Hər bir uşaq üçün stəkanlar və ya fincanlar
* Hər bir uşaq üçün çay qaşığı
* Qənaət olunmuş suyun saxlanması üçün fincan və ya ayrı bir qab
* Flipçart vərəqləri və lövhə
* Kağız və qələmlər
Təlimat:
1. Suyun vacibliyinin mümkün qədər çox səbəblərini göstərməyi uşaqlardan xahiş edin (məsələn, bitkilər, heyvanlar, insanlar, sənaye, kənd təsərrüfatı və istirahət üçün).
Sudan qənaətlə istifadə etmək anlayışı ilə tanış etmək üçün belə suallar verin:
* Yer üzündə suyu harda tapmaq olar? (okean, qütb buzlaqları, şirin su mənbələri)
* Yer üzündə insanların istifadəsi üçün yararlı su nə qədərdir? (97% okeanlar, 2% qütb buzlaqları, istifadə üçün cəmi 1% şirin su yararlıdır)
* Su olmasa Yer üzü nəyə bənzəyər? Bəs su az miqdarda olsa?
* Yerin hər tərəfində içməli su bərabər paylanıbmı?
* Hazırda şirin su mənbələrini hansı təbiət hadisələri quruda bilər?
2. “Uşaqlar gündəlik olaraq sudan necə istifadə edirlər?” mövzusunda beyin həmləsi keçirin (məsələn, xörək hazırlamaq, çimmək, paltar yumaq və s.). Bütün bunları flipçart vərəqində və ya lövhədə qeyd edin.
3. Bildirin ki, bu oyunda onlar sudan daha qənaətlə istifadə yollarını müəyyən etməlidirlər.
Uşaqlara bir qab göstərin və deyin ki, gün ərzində bütün qrupun işlədəcəyi suyun həmin qab həcmində olacağını təsəvvür etsinlər. Çox diqqətli olmalıdırlar ki, su boş yerə istifadə olunmasın.
4. Hər uşağa bir stəkan verib onu su ilə doldurun. Bildirin ki, hər birinin gün ərzində alacağı suyun miqdarı bu qədərdir. Uşaqlar gündəlik istifadə etdikləri suyun miqdarını tapmalıdırlar. (Avropada gün ərzində bir insan orta hesabla təxminən 135 litr su istifadə edir). Uşaqlara Təlimatın 2-ci addımında tərtib olunmuş “Sudan necə istifadə edilir?” siyahısını xatırladın.
5. Uşaqlar qərara gəlməlidirlər ki, suya qənaət etmək üçün gündəlik rejimlərində necə dəyişiklik etməlidirlər. Onlara düşünmək üçün vaxt verin. Deyin ki, bir çay qaşığı suyu bir litr suya bərabər hesab etsinlər. Hər bir uşağa yaxınlaşın, onun nə qərara gəldiyini soruşun və qənaət etdikləri bir neçə çay qaşığı suyu qaba tökün. Uşaqlardan fikirlərini “Su damlası” paylama vərəqində yazmağı xahiş edin.
6. Hamı fikrini səsləndirəndən sonra bildirin ki, qənaət olunmuş su bütün qrupa məxsusdur.
İzah edin ki, hər uşaq gündəlik suya qənaət edənə qədər qab dolu qalacaq. Əks halda qrupun suyu qurtaracaq.
7. Qrup qərara gəlməlidir ki, qənaət olunmuş su ətraf aləmin ehtiyacları üçün necə istifadə ediləcək. Uşaqlardan xahiş edin ki, onlar bu qərara birgə gəlsinlər. Həmin sudan təkrar istifadə edə bilərlərmi?
Təhlil və qiymətləndirmə:
1. Aşağıdakı sualları verməklə oyunu təhlil edin:
* Hər gün suyun bizə nə üçün lazım olduğunu xatırlamaq asanmı oldu?
* Sudan necə istifadə etmənizdə sizin üçün yeni nə isə oldumu? Bəs ailənizin sudan istifadə etməsində? Bəs ictimai yerlərdə (məsələn, məktəbdə, xəstəxanada, ictimai binalarda və parklarda)?
* Niyə sizin gündəlik tələbatınıza lazım olan suyun bir hissəsini vermək qərarına gəldiniz?
* Gündəlik həyatda suya necə qənaət edə bilərsiniz? Suya qənaət etməyin hansı yolu sizin üçün daha çətin olardı?
* “Ümumi suyu” necə işlətmək qərarına gəlmək sizə çətin oldu? Qrupun qərarı ilə razısınızmı? Bu sudan daha necə istifadə edə bilərsiniz?
2. Uşaqları sudan qənaətlə istifadə problemini ümumiləşdirməyə gətirin:
* Nə üçün suya qənaət etmək vacibdir?
* İnsanlar ehtiyacları olan miqdarda suyu tapmayanda nə baş verir?
* Bizim rayonun istifadə etdiyi su haradan götürülür? Bizə necə gəlib çatır?
* Bizim rayon suyun istifadəsində israfçılığa yol verirmi?
3. Aşağıdakı sualları verməklə insan hüquqları ilə əlaqə yaradın.
* Su həyat və yaşamaq üçün çox vacibdir. Həyat və yaşamaq üçün ətraf aləmdə daha hansı zəruri təbii ehtiyatlar var?
* Təmiz su, təmiz hava kimi təbii resurslardan istifadə üçün bütün insanların imkanı varmı? Əgər resurs varsa, lakin keyfiyyəti o qədər də yaxşı deyilsə, onda nə baş verir?
* Bu resursların keyfiyyətini təmin etmək üçün kim cavabdehdir?
* Hər bir insanın keyfiyyətli təbii resurslardan istifadəsi üçün uşaqlar nə edə bilər?
Təhlilin sonunda uşaqlardan “Su damlası” vərəqində yazdıqlarına nəzər yetirməyi, suya qənaət ilə əlaqədar yeni ideyalar və öz mühitində istifadə yollarını əlavə etməyi xahiş edin. “Su damlası” vərəqlərini otağın bir küncündə yerləşdirin ki, uşaqlar gələcək fəaliyyətlərində onlardan material kimi istifadə edə bilsinlər.
Davam üçün təkliflər:
* “Dünya necə də gözəldir” oyunu insanın həyatı üçün əlverişli və təhlükəsiz ətraf mühitin nə olduğunu daha dərindən dərk etməkdə uşaqlara kömək edir.
* Bu metoddan başqa resursların (məsələn, təmiz hava, təhlükəsiz və sağlam qidalar, elektrik, qaz, neft) təhlili üçün də istifadə edin. Uşaqlar özləri bu resurslardan necə qənaətlə istifadə edə bilər? (məsələn, təkrar emal məhsullarından istifadə, zibilin ayrılıqda toplanması, ictimai nəqliyyatdan istifadə və s.)
* Təmiz su qıtlığı olan ölkələrdə vəziyyəti araşdırın (məsələn, Şimalı Afrika, Yaxın Şərq).
* Su problemi haqqında daha çox məlumat toplayın (məsələn, sənədli və bədii kinofilmlər, mif və xalq nağılları, qəzet məqalələri). Hər insanın davranışı və suya qənaət arasında ələqəni, həmçinin daha abstrakt resurslardan istifadə hüququ - stabil inkişaf - həyat arasında əlaqəni vurğulayın.
Fəaliyyət üçün ideyalar:
* Sudan qənaətli istifadə həftəsi keçirmək üçün valideynlərlə (qəyyumlarla) əlaqə yaradın.
* Uşaqlarla “Çirklənmə patrulu” oyunu keçirin. Məktəbin yanında çay və ya su hövzəsi varsa, ona diqqətlə baxsınlar. Suda və ya sahildə zibil olduğunu yoxlasınlar. İnsanlar bu suyu necə istifadə edirlər?
* Uşaqlarla ətrafı gəzin, zibilin necə yığılması, emal olunması üsullarını təhlil edin. Ətraf mühitin təmiz olmasının vacibliyini izah edin.
* Təbii resurslardan fərqli formada istifadə yönümündə uşaqlarla söhbət aparın (sağlam qida, su, qaz, işıq və s.). Göstərin ki, hər bir şəxsin fəaliyyəti qlobal vəziyyətə təsir edir.
Kiçik bir dəyişiklik resurslardan stabil istifadəyə yardım edir.
Aparıcıya tövsiyə:
* Uşaqların dərk etməsinə kömək edin ki, “ətraf aləmin” qorunması üsulu insan hüquqlarının, həmçinin hər bir insanın yaşamaq hüququnun qorunmasından asılıdır.
Adaptasiya:
Aşağıdakı sualları verərək, yuxarı yaş qrupu uşaqları ilə təbii resurslardan istifadə, davamlı inkişaf və yaşamaq hüququ kimi daha mücərrəd mövzularda müzakirə aparmaq olar:
* Hər bir insanın Yer üzündəki bütün resurslara və suya olan hüquqlarını qorumaq üçün nə etmək olar?
* Yer üzündə ehtiyatı məhdud olan digər resurslar varmı?
* Necə etmək olar ki, gələcək nəsil həyat üçün vacib olan bütün resurslardan istifadə edə bilsin?
Əlavə məlumat:
“Su damlası ilə səyahət” adlı dərs vəsaitində suyun müxtəlif aspektləri üzrə əsas faktlar, maraqlı məlumatlar və praktik oyunlar var. Burada suyun mənşəyi, insanların işlətdiyi suyun miqdarı, kənd təsərrüfatı, sənaye və məişət ehtiyaclarında suyun istifadə yolları, suyun çirklənmə problemi və s. barədə məlumat yerləşdirilmişdir.
|
|
24.02.2019 | 12:43 | |
|
|
|