Alimlər “ağıllı” stetoskop yaradıblar

Hər il dünyada milyonlarla insan pnevmoniya xəstəliyindən dünyasını dəyişir. Statistikaya görə, 5 yaşınadək uşaqlar arasında ölüm hallarının təxminən 16 faizi pnevmoniya ilə bağlıdır. Bu göstərici sözügedən xəstəliyə diaqnoz qoymağa imkan verən yüksəkixtisaslı mütəxəssis və rentgen aparatlarının çatışmazlığı müşahidə olunan ölkələrdə xüsusilə yüksəkdir.

 

www.hightech.fm saytının məlumatına görə, Con Hopkins Universitetinin alimləri bu problemi aradan qaldırmağa cəhd göstəriblər. Onlar tərəfindən yaradılmış “ağıllı” stetoskop yalnız həkimlərin işini asanlaşdırmayacaq, həm də həkim olmadığı şəraitdə müstəqil şəkildə xəstəliyi aşkar etməyə imkan verəcək.

 

İnnovativ qurğu ənənəvi analoqlardan iki funksiya ilə fərqlənir. Birinci funksiya səsin azaldılmasıdır. Yeni stetoskopa inteqrasiya edilmiş alqoritmlər ürək döyüntüsü və kənar səsləri aşkar edərək, onların səsini azaldır ki, həkim pasiyentin nəfəsini daha yaxşı eşidə bilsin.

 

İkinci funksiya həkim olmadığı şəraitdə qurğu tərəfindən diaqnozun qoyulmasıdır. Cihaz ağciyərdəki səsləri müstəqil təhlil edərək pnevmoniya xəstəliyinin mövcudluğunu 87 faiz dəqiqliklə müəyyənləşdirmək qabiliyyətinə malikdir.

 

 



24.02.2019 | 10:41