“Məqsədimiz diplom xatirinə təhsil vermək deyil”

 

 

Son illər ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin simasında ciddi dəyişikliklər müşahidə olunur. İstər paytaxtda, istərsə də bölgələrdəki ali məktəblərimiz dünya universitetləri ilə rəqabət aparmağa səy göstərir, bu istiqamətdə ciddi işlər görürlər. Belə ali məktəblərimizdən biri də Azərbaycan Texnologiya Universitetidir (UTECA). Universitetdə baş verən yeniliklərə, aparılan islahatlara ali təhsil müəssisəsinin rektoru, professor Akif Süleymanov “Rektor danışır” rubrikasında aydınlıq gətirir.

 

 

- İxtisaslı texnoloq hazırlayan UTECA ölkəmiz üçün hansı əhəmiyyət kəsb edir?

 

- Texnologiya elə bir sahədir ki, hər dövr üçün aktual olub. Bu sahə istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində dövlətimizin birbaşa diqqətində olan bir sahədir. Universitetimizin tarixi ötən əsrin 70-ci illərinin sonundan başlayır. Ali məktəb o zaman ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılıb və bu mənada o bizə ulu öndərdən miras qalıb. Hələ o dövrdə ulu öndər ölkəmizdə ixtisaslı texnoloq çatışmazlığı problemini görmüş və bu problemi aradan qaldırmaq məqsədilə ali təhsil ocağını yaratmışdır. Təhsil ocağının yaranmasında əsas məqsəd Azərbaycanda sənaye potensialı olan müəssisələr üçün mühəndis-texnoloqlar, mühəndis-mexaniklər hazırlanması idi.     Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. İstehsal sahələrinin artırılması dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Son illər bu sahəyə yönələn diqqət nəticəsində çoxlu sayda istehsal müəssisəsi, şirkət, qurum yaranıb. Bu müəssisələr yarandıqca, təbii ki, ixtisaslı kadrlara da ehtiyac çoxalır. Belə olduğu təqdirdə universitetin qarşısında yüksək ixtisaslı kadr hazırlığı vəzifəsi qoyulur. Təhsil müəssisəmiz əsasən qida, yüngül sənaye, İKT, metallurgiya, logistika, ekologiya və turizm sahələrində çalışan kadrlar hazırlayır. Bu baxımdan universitetimiz strateji əhəmiyyət daşıyır. Fikrimcə, ölkəmizin davamlı inkişafı, istehsal sahələrinin daha müasir üsullarla işləməsi, idarə olunması üçün peşəkar texnoloq-mühəndislərə, texnoloq-mexaniklərə həmişə ehtiyac var.

 

- İstehsal sahələrinə kadr hazırlayan universitet şirkətlərlə əlaqələri necə qurur? Ümumiyyətlə, şirkətlər ixtisaslı kadrlarla bağlı universitetə müraciət edirlərmi?

 

- İstehsal müəssisələri ilə əlaqələr, münasibətlərin düzgün qurulması işimizin əsas tərkib hissəsidir. Hal-hazırda 32 istehsalat müəssisəsi ilə əməkdaşlıq edirik. Axı kadr hazırlığı təkcə universitetdə həyata keçirilmir. Bu hazırlığı biz kadrlara ehtiyacı olan ölkənin aparıcı istehsal müəssisələri ilə birgə həyata keçiririk. Tədris prosesində istehsal müəssisələri də birbaşa iştirak edir. Ali məktəb olaraq əsas məqsədlərimizdən biri universitet-sənaye əlaqələrinin genişlənməsidir. Biz istəyirik ki, kadrlarımız universiteti bitirdikdən sonra tam hazır vəziyyətdə müəssisədə fəaliyyətə başlasın. Buna görə də universitetimizdə baş verən bütün yeniliklər, modernləşmələr bu istiqamətdə aparılır.

 

- Bu gün 550-dən çox bal toplayan tələbə UTECA-nı seçir. Bu, istehsal sahəsinə olan maraqdan, bu sahədə kadrlara ehtiyacın olmasından irəli gəlir, yoxsa universitetin nüfuzunun artmasından?

 

- Bu il tələbə qəbulunda 44.1 faiz, yüksək balla qəbulda isə 39% artım olub. 5 il bundan öncə çox nadir hallarda tələbə yüksək balla bizim universiteti seçərdi. Amma bu gün yüksək bal toplayan tələbələrimizin sayı yetərincədir. Düşünürəm ki, bu, Texnologiya Universitetində aparılan islahatların, həyata keçirilən mühüm layihələrin nəticəsidir. Universitetə qarşı cəmiyyətin inamı artıb. Bunu vaxtaşırı valideynlərlə keçirilən görüşlərdə də hiss edirik. Vaxtilə universitetin orta keçid balı 150-200 arası idi. Bu, çox aşağı göstəricidir. Son vaxtlar isə orta keçid balı 200-250-yə çatıb. Bu məsələdə universitetin apardığı təbliğat, maarifləndirmə işlərinin də əhəmiyyətindən söz açmaq istəyirəm. Əməkdaşlarımız vaxtaşırı Gəncədə və ətraf rayonlarda yerləşən orta ümumtəhsil məktəblərində olur. İşimizin mahiyyətini, universitetin perspektivlərini şagirdlərə, abuturiyentlərə çatdırırıq. Bundan başqa, şagirdləri də universitetimizə dəvət edirik. Onlar buradakı şəraitlə yaxından tanış olurlar. Bütün bunlara baxmayaraq, bu gün texnoloqlara olan ehtiyac, onların əmək bazırında özlərinə rahatlıqla iş tapması da universitetimizə tələbə axınının çoxalmasına səbəb olur. Abituriyentlər yaxşı başa düşürlər ki, universitet məqsədli şəkildə kadr hazırlayır. Onlar bilirlər ki, universiteti bitirdikdən sonra asanlıqla işlə təmin olunacaqlar. Məncə, bu, çox mühüm məsələdir və abituriyentlərin UTECA-nı seçməsinə zəmin yaradan vacib amillərdəndir.

 

Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, UTECA-da “Məzun koordinasiya” şöbəsi fəaliyyət göstərir. Düşünürəm ki, hər bir universitet bilməlidir ki, onun buraxdığı məzun hardadır, hansı işlə məşğuldur? Biz məzunlarımızla əlaqələrimizi daim davam etdiririk. Onların bazasını yaratmışıq. Müəssisələr kadr üçün müraciət etdikcə baza üzrə toplanan CV-ləri həmin müəssisələrə göndəririk. Bu, məzun üçün yaradılan imkan, iş əlçatanlığıdır. Bütün bunlar nüfuzumuzun artmasına səbəb olur. Mən inanıram ki, gələcəkdə bundan da yüksək bal toplayan gənclər bizim universiteti seçəcək. 

 

 

- Universitetdə tədrisin təşkili necə qurulub? Ötən illərlə müqayisədə tədrisin məzmununda hansı yeniliklər mövcuddur?

 

- Bizim əsas məqsədimiz, qarşıya qoyduğumuz hədəf təhsilalanların və təhsilverənlərin səviyyəsinin artırılmasıdır. Verdiyimiz təhsil mütləq və mütləq dünya təhsil sisteminə uyğun olmalıdır. Məqsədimiz diplom xatirinə təhsil vermək deyil, o diplomun hər bir məzun üçün yol xəritəsi təyin etməsidir. Tələbə aldığı bilik və bacarıqlar sayəsində işləməyi bacarmalıdır. Buna görə də maddi-texniki bazanın yüksəldilməsi, real təcrübələrin keçirilməsi ən vacib şərtdir. Burada ən ümdə məsələlərdən biri, bəlkə də birincisi isə professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin, səriştəliliyinin  artırılmasıdır. Bilirsiniz, dünya, elm, təhsil o qədər sürətlə inkişaf edir ki, biz bu inkişafdan geri qalsaq, heç bir hədəfimizə çata bilmərik. Ona görə də var gücümüzlə çalışırıq ki, tədris prosesini günün tələblərinə uyğun quraq.

 

Təhsilin məzmununa gəldikdə isə onu deyə bilərəm ki, artıq əvvəlki kimi dərslər təkcə auditoriyalarda deyil, eyni zamanda istehsal müəssisələrində keçirilir. Bu gün tələbələrimizin əksəriyyəti 3-cü kursdan sonra araşdırmalarını bu müəssisələrdə aparırlar. Hətta yuxarı kurs tələbələrinin bir hissəsi həmin müəssisələrdə yarımştat çalışır, istehsal prosesinin birbaşa iştirakçısı olur.

 

- Dərsliklərlə bağlı vəziyyət nə yerdədir?

 

- Bizdə elə müəllimlər var idi ki, köhnə vəsaitlərlə dərs deyirdi. Axı 30 il bundan qabaq ixtisasla, texnologiya ilə bağlı yazılan dərslik bu gün nə qədər faydalı, əhəmiyyətli ola bilər?  Dünyanın inkişaf etmiş universitetlərində elə fənlər, elə ixtisaslar var ki, hətta bir il öncə yazılan dərslik belə köhnəlmiş hesab olunur. Biz bu kimi halların qarşısını alırıq. Hazırda universitetdə bütün proqramlar, standartlar günün tələblərinə uyğun olaraq dəyişib. Bu standartlara uyğun olaraq dərsliklər yazılır. Biz bunu istəsək də, istəməsək də, etmək məcburiyyətindəyik. Bildiyiniz kimi, universitetimiz tələbə mübadilələri həyata keçirir. İstər bizim tələbələrin bu mübadilə çərçivəsində təhsil almaları üçün, istərsə də bizə başqa universitetdən gələn tələbə bu dərsliklərlə uyğunlaşmalıdır. Buna görə də hər il Elmi Şuranın təsdiqi ilə xeyli dərslik çap olunur. Bundan başqa, digər universitetlərlə də dərsliklərin mübadiləsi aparılır. Bizim Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ukraynanın Boqdan Xmelnitski adına Çerkassı Milli Universiteti ilə ikili diplomların tətbiqinə dair ilkin razılaşmamız var. Hazırda bu istiqamətdə tədris proqramları və dərs vəsaitlərinin uyğunlaşdırılması üzərində iş aparılır.

 

- Professor-müəllim heyətinin elmi araşdırmaları, impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı, vəziyyəti haqqında fikirlərinizi öyrənmək istərdim. Buna şərait varmı?

 

 Bu gün universitetlərimiz iki məsələyə xüsusi önəm verir: bunlardan biri tədris, digəri isə elmdir. Son iki ildə elmi nailiyyətlərimizin “Clarivate Analitics” sisteminə inteqrasiyası üçün ciddi addımlar atmışıq. Əməkdaşlarımızın böyük əksəriyyəti “Clarivate Analitics” də qeydiyyatdan keçib, 6 elmi məqalə burada yerləşdirilib. Hər hansı bir universitetdə elmi-tədqiqat işləri aparılmırsa, buna universitet demək düzgün deyil.

 

Əvvəllər universitetdə bir neçə laboratoriya mövcud idi. Lakin bu laboratoriyalarda görülən işlərin çoxu formal xarakter daşıyırdı. İndi isə əməkdaşlıq etdiyimiz müəssisələrlə birgə müasir avadanlıqlarla təchiz olunan laboratoriyalar qururuq. Laboratoriyalardakı elmi-tədqiqat işləri günün tələbinə uyğun, real olmalı, mücərrəd mövzular olmamalıdır. Artıq biz partnyorluq etdiyimiz müəssisələrlə birgə elmi əsasda hətta texnoparklar yaradırıq.

 

Tədrisin keyfiyyətinin artırılması üçün atılan önəmli addımlardan biri də gənc müəllimlərin işə qəbul edilməsidir. Son illərdə 48 gənc müəllim komandamıza qoşulub.

 

- UTECA-nın həyata keçirdiyi “Müştəriyə yönəlmə proqramı” (MYP) diqqətimi cəlb etdi.

 

- Bu proqram 4 il bundan öncə həyata keçirdiyimiz və bu gün də davam edən səmərəli bir layihədir. O, Təhsil Nazirliyi tərəfindən bizə tövsiyə edilən proqramdır. Proqram çərçivəsində hal-hazırda 32 müəssisə ilə əməkdaşlıq edirik, bu əməkdaşlığın da müsbət nəticəsi olaraq texnoparkımızda xeyli sayda məhsul istehsal edilir. MYP-nin əsas hədəfi ali təhsil müəssisələrini müştəriyə yönümlü tərzdə fəaliyyətə sövq etmək, bununla da bütün strateji sahələrin inişafına təkan verən proqressiv mənəvi və fiziki sağlam kadrlar yetişdirməkdir. MYP-nin həyata keçirilməsində əsas məqsəd elm, təhsil və sənaye sahələri arasında əlaqənin təmin edilməsi, UTECA-ya daxil olan tələbələrin fərdi potensialının aşkarlanması, onların təhsil prosesində qazandıqları ixtisas bilikləri və peşə vərdişlərinin artırılması, məzunların isə universiteti bitirdikdən sonra peşəkar kadrlar kimi ölkəmizin iri sənaye və istehsal tutumlu müəssisələrində yüksək maaşlı işlə təmin olunmasını təşkil etməkdən ibarətdir. Bu proqram çərçivəsində Det-Al Alüminium Kompleksi müəssisəsi universitetdə iki laboratoriya qurub. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Port of Baku) bu proqrama uyğun olaraq universitetimizin nəzdində təlim mərkəzi yaradıb. Yüklərin daşınması ilə bağlı logistik sahədə təlimlər keçirilir. Eyni zamanda, müəssisələrin onların fəaliyyət sahəsinə uyğun ixtisaslarda oxuyan tələbələrimizi xarici ölkələrə təlimə göndərmələrini təmin etmək üçün danışıqlar aparılır. Bu layihə hazırda bir neçə universitetdə də tətbiq olunur. Lakin onu ilk icra edən bizim universitet olub. Uğurlarımızın böyük hissəsi məhz bu proqram sayəsində reallaşıb. PAŞA Bankın dəstəyi ilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk regional ofisi məhz Azərbaycan Texnologiya Universitetində yaradılıb. UTECA-dakı Barama ofisində Qərb bölgəsinin bütün gənclərinə biznes ideyalarının formalaşmasına, startaplara yardım göstərilir.

 

- UTECA-da tələbələr üçün təqaüd proqramları mövcuddurmu?  Tələbələrə stimul vermək üçün hansı addımları atırsınız?

 

- Öncə onu demək istəyirəm ki, universitetimizdə tələbələrin bütün ideyalarını, yeniliklərini dəyərləndirməyə, qiymətləndirməyə çalışırıq. Tələbələrimizin çox yaxşı startap layihələri var. Startap layihələrdə uğur qazanan tələbələrə həvəsləndirici mükafatlar verilir. Tələbələrə dövlət tərəfindən verilən təqaüddən əlavə biz rektor təqaüdü təsis etmişik. Məbləği 50 manatdan 200 manatadək dəyişən bu təqaüd həm universitetə qəbul, həm də semestr imtahanlarında fərqlənən tələbələrə verilir.

 

- Bildiyimə görə, UTECA Türkiyənin İstanbul Texnik, Yıldız Texnik, Hacəttəpə universitetləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar universitetə nə vəd edir?

 

- Universitetimiz ali təhsil müəssisələri ilə əməkdaşlığa çox böyük önəm verir. İstər ölkəmizdə, istərsə də xaricdə olan universitetlərlə sıx əməkdaşlıq edirik. Biz nəinki Türkiyə universitetləri ilə, eyni zamanda Avropanın, Asiyanın da bir çox ali məktəbləri ilə əməkdaşlıq edirik. Keçən tədris ilində 34 müəllim və tələbəmiz müxtəlif beynəlxalq mübadilə və təlim proqramlarında iştirak edib. Türkiyədə yerləşən bu universitetlər isə bizim beynəlxalq strateji tərəfdaşlarımızdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, xarici ali təhsil ocaqlarının təcrübəsini öyrənmək və səmərəli əməkdaşlıq əlaqələri qurmaq UTECA-nın strateji yol xəritələrindəndir. Bu məqsədlə biz qardaş Türkiyə Respublikasının bir neçə universiteti ilə strateji əməkdaşlıq edirik. Əsasən bakalavriatura və magistratura səviyyələrində dual diplom proqramlarının tətbiqi üzərində işləyirik. Eyni zamanda, Gəncədə UTECA-nın nəzdində texniki peşə liseyi və texnoparkın yaradılmasında birgə iştirak kimi məsələlər də gündəlikdədir. Hazırda universitetlər arasında tələbə və müəllim mübadiləsi aparırıq. Bu universitetlərlə UTECA-nın mütəxəssis hazırlığı istiqamətlərində ciddi yaxınlığı var. Bu əməkdaşlıqlar bizdə əlavə məsuliyyət yaradır. Belə ki, həmin universitetlərdən tələbələr gəlib bizdə təhsil alır və yaxud bizim tələbələr gedib təhsillərini o ali məktəblərdə davam etdirirlər. Belə olduğu təqdirdə bizim proqramlar, standartlar uyğun olmalıdır ki, tələbələr çətinlik çəkməsin. Həm də biz elə etməliyik ki, universitetimiz əməkdaşlıq etdiyimiz ali məktəblərdən də geri qalmasın. Axı, dediyim kimi, bizim həm tələbə, həm də müəllim mübadilələrimiz var. Biz tələbəyə elə təhsil verməliyik ki, gedib həmin universitetlərdə oxuya bilsin. Əgər biz onlardan geri qalsaq, bu nizam pozula bilər. Onu da qeyd edim ki, biz 4-5 il bundan öncə Türkiyədəki universitetlərlə əməkdaşlığa başlayanda UTECA-nın həmin universitetlərlə uyğunlaşdırılmasına ehtiyacın olduğunu gördük. Zaman keçdikcə universitet kollektivinin səyi, aparılan islahatlar, Təhsil Nazirliyinin dəstəyi nəticəsində inkişafımız sürətləndi.  Etiraf edim ki, həmin universitetlərin iş təcrübəsindən yararlanaraq universitetimizdə xeyli dəyişiklik etmişik. Bu əməkdaşlıqlar bizə çoxlu təcrübə qazandırdı.

 

- UTECA-da əcnəbi tələbələr təhsil alırmı?

 

- Son ildə əcnəbi tələbə qəbulumuz əvvəlki illərlə müqayisədə 11 dəfə artıb. Diplomumuzun beynəlxalq səviyyədə tanınması çox vacib amildir. Bunun nəticəsidir ki, UTECA-da hazırda Rusiya, Türkiyə, Banqladeş, Özbəkistan, Gürcüstandan 15 əcnəbi tələbə təhsil alır. Onu da qeyd edim ki, həmin tələbələr öncə universitetimizdə bir il Azərbaycan dilindən hazırlıq kursu keçirlər. Bu, təkcə bizim universitetin tələbələrinə aid deyil. Təhsil Nazirliyinin razılığına əsasən, Gəncədə təhsil alan bütün əcnəbi tələbələr dillə bağlı hazırlıq mərhələsini bizim universitetdə keçə bilərlər. Əcnəbi tələbələrin universitetimizdə təhsil alması nüfuzumuzun artmasına, ali məktəbimizin tanınmasına təkan verir. Ona görə də biz əcnəbilərin universitetimizə daha çox cəlb olunmasına çalışırıq. 

 

- Universitetdə yeni fakültələr, yeni ixtisaslar açılıbmı?

 

- Çox vacib bir məqama toxundunuz. Bilirsiniz, hər dövrün özünəməxsus ixtisasları, peşələri mövcuddur. Əgər həmin ixtisaslara tələbat varsa, bunu mütləq dəyərləndirmək lazımdır. Sadaladıqlarımı əsas götürərək, təxminən 3-4 il bundan öncə İKT ilə bağlı ixtisaslara qəbul başladı. Buna böyük tələbat var idi. Həmin ixtisaslar açılan ili bu ixtisaslara böyük axın oldu. Ötən il isə əlavə olaraq şərabçılıq, logistika və metallurgiya ixtisasları üzrə qəbula başladıq. Bildiyiniz kimi, son illər ölkəmizdə şərabçılıq sahəsinə böyük investisiyalar yatırılır. Respublikamızda istehsal olunan şərab və şirələr xarici bazarda, demək olar ki, qətiyyətlə öz sözünü deyir. Bu sahədə “Az-Qranata” və Göygöl Şərab Zavodu ilə sıx əməkdaşlıq edirik. Universitetdə şərabçılıqla bağlı iki böyük laboratoriyamız var.

 

- UTECA-nun saytına nəzər salarkən diqqətimi çəkən məqamlardan biri də “Rektora müraciət” bölməsi oldu. Bu, idarəetmənin şəffaf və obyektiv təşkilini göstərən bir nümunədir. Maraqlıdır, müraciət edənlərin sayı çoxdurmu? Ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

 

- Cənab Prezidentin apardığı təhsil siyasətinə uyğun olaraq universitetdə şəffaf, obyektiv, demokratik bir mühit yaratmışıq. Bunu 2016-cı ildə Təhsil Nazirliyinin sifarişi ilə Siyasi Texnologiyalar Mərkəzinin apardığı sorğunun nəticəsi də təsdiq edib. Həm tələbələr, həm də professor-müəllim heyəti yaxşı bilir ki, onların hər fikri dinlənilir, şikayətlərinə obyektiv baxılır və qiymət verilir. Çox şəffaf imtahan prosesi həyata keçiririk. Əməkdaşların, tələbələrin qəbul günləri keçirilir. İstənilən şəxs hər hansı bir məsələ ilə bağlı rahatlıqla mənə müraciət edə bilər. Müraciətlər əsasən mübadilə proqramlarında iştirak, şəxsi problemlər və s. ilə bağlı olur. 

 

 

Niyazi RƏHİMOV

 

 

 

 

 



22.02.2019 | 11:17