BANM ilə Almaniyanın GUNT şirkəti arasında əməkdaşlıq davam edir | |
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın məşhur GUNT Geratebau GmbH şirkətinin Satış və biznesin inkişafı üzrə direktoru cənab Heiko Lentfer ilə görüşüb. Görüşdə həmçinin Caspian Lab şirkətinin təchizat meneceri Səfa Hacıyev və BANM-ın məsul əməkdaşları iştirak ediblər.
Rektor E.Qasımov GUNT şirkətilə əməkdaşlıqdan razılığını və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksək ixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz rolu olduğunu bildirib.
Cənab Heiko Lentfer isə Bakıya, xüsusilə BANM-a növbəti səfərindən məmnun olduğunu söyləyib. O qeyd edib ki, BANM GUNT şirkətinin Qafqaz regionu üzrə ən böyük tərəfdaşıdır və şirkət Ali Məktəb ilə əməkdaşlığa böyük önəm verir.
Görüşdə tərəflər arasında əməkdaşlığın ehtiyac duyulan istiqamətləri müzakirə edilib. Müzakirələr zamanı BANM-ın laboratoriyaların istifadəsi və saxlanılması üzrə məsul əməkdaşlarına və müəllimlərinə GUNT şirkəti tərəfindən peşəkar təlimlərin keçirilməsi, Ali Məktəbin gələcəkdə tədqiqat laboratoriyaları ilə təchiz olunması və digər məsələlərə toxunulub və müəyyən razılıqlar əldə edilib.
Qeyd edək ki, 2011-ci ildən əməkdaşlığa başlayan BANM və müxtəlif texnoloji avadanlıqların təchizatı üzrə ixtisaslaşan məşhur GUNT şirkəti arasında bu müddət ərzində böyük işlər görülüb. Belə ki, 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Bakı Ali Neft Məktəbinin kampusu Almaniyanın GUNT şirkətinin tədris laboratoriyaları ilə ən yüksək səviyyədə təchiz olunub.
|
|
29.03.2018 | 18:16 | |
|
|
|