BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova qeyd edib ki, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən biri də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.  Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmiş, mədəniyyət abidələri, yaşayış məntəqələri dağıdılmışdır. Xanım Sultanova diqqətə çatıdırıb ki, soyqırımından 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

 

BSU-nun “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov çıxışında  soyqırımı ilə bağlı ötən 20 il ərzində aparılmış araşdırmalardan söz açıb.  O bildirib ki, bu araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. S.Məmmədov deyib: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. 1918-ci ilin mart – aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir”.

 

Tədbirin davamında mərhum kinorejissor, BSU-nun “Jurnalistika” kafedrasının müəllimi Ələkbər Muradovun “Yaddaşın rəmzi” sənədli filminin nümayişi olub.

 

 



29.03.2018 | 17:10