Təqaüdlər artırıldı | |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.
Qeyd olunan müəssisələrdə təhsil alan tələbələrə dövlət qayğısının artırılması və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə imzalanmış sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına adıçəkilən müəssisələrdə təhsil alan tələbə və doktorantlar üçün təqaüdlərin yeni məbləğləri müəyyənləşdirilib. Belə ki, sənədə görə, martın 1-dən elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorantlara 300, fəlsəfə doktoru hazırlığı üzrə təhsil alanlara isə 180 manat təqaüd veriləcək. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrin də təqaüdləri artıb. Onlar 170 manat alacaqlar.
Magistratura, bakalavriat səviyyələri üzrə təhsil alanlara təqaüdlər onların akademik göstəriciləri nəzərə alınmaqla fərqli şəkildə veriləcək.
Belə ki, magistraturada təhsil alan və akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145, 71-100 bal olan tələbələrə 120, 51-100 bal olan tələbələrə 80 manat veriləcək.
Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr 130, 71-100 bal olan tələbələr 110, 51-100 bal olan tələbələr 75 manat alacaqlar. Orta ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün təqaüdlərin məbləği qeyd olunan akademik göstəricilər üzrə müvafiq olaraq 75, 60, 50 manat müəyyənləşdirilib. Peşə təhsili müəssisələrinin tələbələrinə 50 manat veriləcək.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə adlı, magistratura, bakalavriat səviyyələri və orta ixtisas təhsili müəssisələri tələbələri üçün müəyyən edilmiş məbləğlərdə ödəniləcək.
Doktorantura və peşə təhsili müəssisələri üzrə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödəniləcək.
Təqaüdlərin ödənilməsi doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.
Dövlət başçısının dünən imzaladığı başqa bir sərəncam isə ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır.
Sərəncamlardan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə və digər müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.
Bu il martın 1-dən həm də ali məktəb tələbələrinə verilən Prezident təqaüdünün məbləği artacaq. Bu artım ölkə başçısının fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanında nəzərdə tutulub. Bu sənədə əsasən, Prezident təqaüdçüsü tələbələr martın 1-dən 185 manat deyil, 210 manat alacaqlar.
Ümumilikdə bu yeniliklərlə 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq.
Qeyd edək ki, ötən dövrdə təqaüd sisteminin təkmilləşdirilməsi, təqaüdlərin məbləğinin davamlı olaraq artırılması təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artırılmasına və onların təhsilə marağının stimullaşdırılmasına müsbət təsir edib və tələbələrin sosial müdafiəsini daha da gücləndirib.
2016-cı ildən başlayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə də ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə təqaüdün verilməsi tələbələr arasında rəqabət mühitinin daha da inkişafına gətirib çıxarıb.
Yusif ƏLİYEV
|
|
14.02.2019 | 19:27 | |
|
|
|