Nemətullah Naxçıvaninin irsi öyrənilir

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti ümumi yığıncağında “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

 

Bölmənin rəhbəri akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, orta əsrlərdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar ötən il müəyyən işlər görülüb. Qeyd olunub ki, sözügedən Sərəncam ilə təsdiq olunan Tədbirlər Planına əsasən Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci cildi bölmə əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən Türkiyə türkcəsindən Azərbaycan dilinə çevrilərək çap edilib. Hazırda əsərin ikici və üçüncü cildləri üzərində iş gedir. Bundan əlavə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti sayca 12-ci nəşri Nemətullah Naxçıvaniyə həsr edilib. Həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov tərəfindən Nemətullah Naxçıvaninin “Hidayətül–ixvan” (Qardaşların hidayəti) kitabı tərcümə olunaraq çapa hazırlanıb.

 

Daha sonra İsmayıl Hacıyev “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və Təşkilat Komitəsinin yaradılması ilə bağlı məlumat verib.

 

Bölmənin Rəyasət Heyətinin qərarı ilə cari ilin iyun ayında nəzərdə tutulan konfransın keçirilməsi üçün 10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

 

 



14.02.2019 | 11:25