ADU tələbələri pedaqoji və istehsalat təcrübələrinə yollanırlar

Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

 

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib.

 

Akademik Kamal Abdulla ADU tələbələrinin bu il artıq ikinci dəfədir ki, məcburi köçkün məktəblərinə təcrübəyə yollandıqlarını bildirib: “Gənclərimiz ikinci dəfədir ki, bu marşrutla hərəkət edəcəklər. Adətən, pedaqoji təcrübə Bakı məktəblərində baş tutur. Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübənin bu gün Azərbaycanın digər regionlarında və hətta konkret olaraq, məcburi köçkün məktəblərində keçirilməsi tələbələrimizin bizim getdiyimiz yola münasibətini biruzə verir, müəllimlərimizin bizimlə əl-ələ verdiyinin göstəricisidir”. K.Abdulla tələbələrin özlərini ilk dəfə müəllim kimi sınamaq imkanına sahib olacaqlarını deyib: “Sizin həyatınızda çox böyük məqamdır, gələcək fəaliyyətinizə işıq salan haldır. Görəcəksiniz ki, o şagirdlərin qəlbində sizin izinizin qalması ilə yanaşı, sizin də qəlbinizdə həmin şagirdlərin izi qalacaq. İlk təcrübə ilk məhəbbət kimidir. Arzu edirəm ki, təcrübəni könül xoşluğu ilə başa vurasınız. Əminəm ki, geri qayıdarkən gözlərinizdə qayğı, həsrət hissləri olacaq, onları böyük məhəbbətlə, niskillə xatırlayacaqsınız”. Rektor K.Abdulla məcburi köçkün məktəblərində təcrübə keçən tələbələrin böyük təəssüratlarla qayıdacaqlarını söyləyib: “Bu təcrübə yalnız pedaqoji istiqamətdə qurulmamalıdır. Bu təcrübənin daha da zənginləşməsi üçün biz hər cür imkandan istifadə edəcəyik. Bizim əməkdaşlarımız məktəblərə sizi ziyarət etməyə gələcəklər. Siz orada müxtəlif tədbirlər təşkil edəcəksiniz. Sizi çox maraqlı ünsiyyət gözləyir. Bu ünsiyyət gələcəkdə sizin müəllim peşəsinə yiyələnməyinizə son dərəcə böyük impuls verəcək”.

 

K.Abdulla tələbələrə məktəblərdə nizam-intizam qaydalarına riayət olunması barədə tövsiyələrini  verib. O, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin vətən nisgilini azaltmaqda tələbələrin məsuliyyət daşıdığını qeyd edib.

 

ADU-nun rektoru K.Abdulla istehsalat təcrübəsinin tələbələrin peşəkarlığının daha da təmkilləşməsinə xidmət etdiyini deyib: “Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa hazırlaşan, digər dövlət qurumlarında çalışmağa hazırlaşan gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir.

 

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib. O, ötən və cari tədris ilindəki təcrübə prosesinin təşkili haqqında müqayisələri diqqətə çatdırıb. M.İsmayılov təcrübəçilər tərəfindən keçən təcrübə müddətində Bakı və bölgə məktəblərində bir sıra tədbirlərin təşkil olunduğunu xatırladaraq bu il də 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Nəsimin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, eyni zamanda müxtəlif kitabların təqdimatları, seminar və mühazirələr, azərbaycançılıq və multikulturalizm haqqında “dəyirmi masa”lar, şagirdlər arasında müsabiqələrin keçiriləcəyindən söz açıb. O, 2018-2019-cu tədris ilində ümumilikdə 1100-ə yaxın tələbənin pedaqoji təcrübəyə gedəcəyini deyib. M.İsmayılov bildirib ki, pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 70-dən çox məktəb-liseyində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi şəhərlərində yerləşən məcburi köçkün məktəblərində və Qəbələ, Sabirabad, Quba, Şamaxı, Masallı rayonlarının ucqar kənd məktəblərində təcrübə keçəcəklər. M.İsmayılov bildirib ki, pedaqoji və istehsalat təcrübələri 2019-cu ilin fevral ayının 18-dən başlayacaq. O, pedaqoji təcrübənin ümumilikdə 14 həftə, bölgə məktəblərində isə 4 həftə davam edəcəyini deyib.

 

M.İsmayılov əlavə edib ki, ümumilikdə istehsalat təcrübəsinə cəlb edilən 500-ə yaxın tələbə isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, AMEA-nın institut və idarələri, tərcümə mərkəzləri, televiziyalar, informasiya agentliklərində, həmçinin İmişli rayon İcra Hakimiyyəti və Goranboy rayon Heydər Əliyev Mərkəzində 14 həftə müddətində təcrübə keçəcəklər.

 

M.İsmayılov daha sonra pedaqoji və istehsalat təcrübəsinə tətbiq edilən yeniliklərdən danışıb, qiymətləndirmə prosesi barədə məlumat verib.

 

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması, təcrübə rəhbərlərinin təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.

 

 



13.02.2019 | 15:23