“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Fevralın 12-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Nazir müavini qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.

 

Məhəbbət Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq  gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğunu vurğulayıb. Nazir müavini nəzərə çatdırıb ki, ölkəmizdə səkkizinci dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir.

 

Nazir müavini müsabiqədə iştirakın şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Belə ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

 

Sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından danışıb, müsabiqənin gənclərin istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

 

Daha sonra qonaqlar stendlərə baxış keçiriblər.

 

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır.  Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlarına layiq görülüb.

 

Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

 

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

 

Bu il müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə  üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6%), 138-i (44, 4 %) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələrdir. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası üstünlük təşkil edir (38 layihə).

 

Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Ən yaxşı layihələrin qalibləri Amerika Birləşmiş Ştatlarında hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər. Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 1 dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

 

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

 

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

 



12.02.2019 | 16:50