“Kompasito” dərs icmalları | |||||
Bizim xoşbəxt, təhlükəsiz və sağlam həyat hüququmuz var!
Fəslin mövzusu: Ümumi insan hüquqları.
Çətinlik dərəcəsi: I dərəcə.
Yaş həddi: 8 - 10 yaş.
Tələb olunan vaxt: 30 dəqiqə.
İştirakçı sayı: 5 - 20 uşaq.
Oyunun növü: Təxəyyül, beyin həmləsi, müzakirə.
Xülasə:
Uşaqlar ev dovşanına zəruri olan qayğını təsəvvür edirlər və öz təsəvvürlərini uşaqların ehtiyaclarına, onların yaşamaq və inkişaf etmək hüquqları sahəsinə köçürürlər.
Vəzifələr:
* Uşaq Hüquqları Konvensiyası ilə tanış etmək.
* İnsan hüquqları ilə şüuraltı səviyyəsində tanış olduqlarını uşaqlara göstərmək.
* İnsanın tələbatları ilə hüquqları arasında əlaqənin olduğunu izah etmək.
Hazırlıq:
* Uşaq Hüquqları Konvensiyasının surətini çıxarın və ya cədvəlini tərtib edin.
Materiallar:
* Flipçart vərəqləri və markerlər
* Uşaq Hüquqları Konvensiyasının surəti və ya cədvəli
Təlimat:
1. Uşaqlardan xahiş edin ki, evdə dovşan saxladıqlarını təsəvvür etsinlər və onu adlandırsınlar. Uşaqlar dovşanın xoşbəxt, sağlam və özünü təhlükəsiz hiss etməsi üçün ona lazım olan hər bir şey barədə düşünməlidir. Uşaqlardan soruşun: “Dovşana nə lazımdır?” Onlar qəfəs, saman, qida, su, qaçmaq, diqqət, sevgi, ola bilər ki, darıxmamaq üçün başqa bir dovşanın lazım olduğunu söyləyə bilərlər. Aşağıda göstərilən qaydada cədvəlin sol sütununun birinci sətrində “Dovşan” (və ya ona qoyduğunuz adı) yazın və uşaqların cavablarını aşağı sətirlərdə qeyd edin.
2. Sual verin: “Dovşana lazım şeylərin hamısının olması üçün kim məsuliyyət daşıyır?”
Uşaqların cavablarını qeyd edin (uşaqların cavablarında “özümüz” və ya “dovşanın sahibi” ifadələrinin səslənməsi ehtimalı var).
3. Dovşana yaşamaq və inkişaf etmək üçün qida, su və qəfəsin olmasının zəruriliyini təsdiqləyin. Sonra belə suallar verin:
a) Əgər yaşamaq üçün bunlar dovşana lazımdırsa, dovşanın onlara sahib olmaq hüququ olmalıdırmı?
b) Dovşanın bu məsələlərlə əlaqədar hüquqlarının qorunmasına kim məsuliyyət daşıyır?
4. Cədvəlin sağ sütununun yuxarı sətrində “Uşaqlar” yazaraq beyin həmləsi keçirin.
“Xoşbəxt, təhlükəsiz, sağlam həyat və inkişaf üçün uşaqlara nə lazımdır?” Uşaqların dediklərini cədvəlin sağ sütununun aşağı sətirlərinə qeyd edin. “Ev”, “qida”, “su”, “ailə”, “dostlar”, “oyuncaqlar”, “təhsil”, “sevgi” və “diqqət” kimi cavabların səslənməsinə nail olmaq üçün uşaqların bütün fikirlərini qeyd edin.
5. Soruşun: “Uşaqların xoşbəxt, sağlam olması və özlərini təhlükəsiz hiss etmələri, onlara lazım olan bütün şeylərinin olması üçün məsuliyyəti kim daşıyır?” “Yaşlılar”, “valideynlər”, “ailə” və “himayə edən digərləri” kimi cavabların söylənməyini dəstəkləyin.
6. Uşaqların dünyagörüşünü artırmaq məqsədi ilə cədvələ digər tələbatları da əlavə edin.
Bunun üçün növbəti sualları verin:
a) Özlərini müdafiə olunmuş hiss etmələri, yaşamaları, fəaliyyət və inkişafı üçün uşaqlara nə lazımdır?
b) Əgər yuxarıda sadalananlar uşaqlara lazımdırsa, onda uşaqların onlara hüquqları olmalıdırmı?
c) Uşaqların bütün bu hüquqlarının olmasını təmin etmək üçün məsuliyyəti kim daşıyır?
7. Uşaqlardan nə vaxtsa Uşaq Hüquqları Konvensiyası haqqında eşidib-eşitmədiklərini soruşun. Onlara Konvensiyanın uşaqlar üçün tərtib olunmuş variantını paylayın və ya plakatda yazılmış mətndən istifadə edin. İzah edin ki, bu sənəddə dünyanın hər bir uşağına məxsus hüquqlar öz əksini tapıb.
Təhlil və qiymətləndirmə:
1. Cədvəldə qeyd edilmiş hüquqları Konvensiyada verilmiş hüquqlarla müqayisə etməyi uşaqlara təklif edin. Cədvəldə yazdıqları siyahının uşaq hüquqlarına aid olduğunu uşaqların diqqətinə çatdırın. Belə suallar verin:
a) Sizin yazdığınız hansı tələbatlar eyni zamanda Uşaq Hüquqları Konvensiyasında da var? Onları cədvəldə ulduzla qeyd edin.
b) Necə düşünürsünüz, necə oldu ki, siz bu qədər hüquq yaza bildiniz?
2. Vurğulayın ki, müəllim kömək etməmişdən əvvəl inkişaf və fəaliyyət üçün uşaqlara lazım olanları qrup artıq bilirdi. Uşaqlar öz həyatını digərlərdən yaxşı bilirlər! İzah edin ki, Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqlarını dəstəkləmək, müdafiə və təmin etmək, eyni zamanda onların həyatda fəal iştirakını təmin etmək üçün yaradılmışdır.
Davam üçün təkliflər:
* Bu oyun - uşaqların hüquqlarla tanışlığı üçün əla vasitədir. O, tələbatlar və hüquqlar arasında əlaqələr yaradır. Bu oyun hüquqları öyrənən digər oyunlar silsiləsinin (“Mənim kainatım”, “Mobil haqlıdır”) bir mərhələsidir.
Aparıcıya tövsiyələr:
* Bu oyun oxu vərdişləri tələb etmədiyindən onu balaca uşaqlarla da keçirmək olar. Lakin onları “hüquqlar” anlayışı ilə ən sadə formada tanış etmək lazımdır. Uşaq Hüquqları Konvensiyasını bir müddətdən sonra da təqdim etmək olar.
* Dovşanı digər ev heyvanı ilə əvəz edə bilərsiniz.
* Variantlar: Sizin qrupunuzun səviyyəsinə uyğundursa, oyunu Konvensiyanın ucadan oxunması ilə bitirmək olar (hər uşaq bir maddəni oxuyur).
* Böyük uşaqlara uyğunlaşdırma: Uşaqlarla tərtib olunmuş siyahını Konvensiyada verilmiş hüquqlarla müqayisə etdikdən sonra cədvəldə qeyd olunmamış hüquqları müzakirə edin. Bunun üçün aşağıdakı sualları verin:
a) Konvensiyada elə tələbat və hüquqlar varmı ki, sizin siyahıda qeyd olunmayıb?
b) Necə fikirləşirsiniz, nə üçün onlar Konvensiyada var?
c) Necə fikirləşirsiniz, siz nə üçün bu tələbatlar və hüquqlar haqqında düşünməli idiniz?
|
|||||
10.02.2019 | 16:29 | |||||
|
|||||
|