ADU-da "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar

Martın 29-da Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümünə həsr olunan "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib.

 

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov  ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorunması və möhkəmləndirilməsi, ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində gördüyü böyük işlərdən bəhs edib. Böyük İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan söz açan R. Abbasov Azərbaycan-Çin əməkdaşlığının Avro-Asiya nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını vurğulayıb. O,  Prezident İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə sahəsində Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladığını xatırladıb. R. Abbasov Çin və Azərbaycan arasında transmilli iqtisadi cinayətlərə, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunmasından danışıb.

 

Seminarda Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev аdına Akademiyasının professoru Cəlal Qasımov “Azərbaycan təhlükəsizliyi orqanlarının keçdiyi tarixi inkişaf yolu” adlı təqdimatla çıxış edib.

 

Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çan Cunqo Çinin milli təhlükəsizliyinin regional və beynəlxalq səviyyədə təmin edilməsi, Çinin milli maraqları və prioritetləri barədə danışıb. 

 

Sonda qonaqlara Azərbaycan və Çin dillərində hazırlanan, 2003-2017-ci illərdə Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı elektron kitab təqdim olunub. 



29.03.2018 | 12:20