AzTU-da “Kəsirsiz təhsil” devizi altında yarışmaya start verilib | |
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində “Kəsirsiz təhsil” devizi altında yarışma başladılıb. Bununla əlaqədar Xüsusi texnika və texnologiya fakültəsinin dekanı, dosent Ramiz Hüseynov bütün qrupların qrup nümayəndələri, əlaçı tələbələri və fakültənin idarəetmə heyəti ilə görüşüb.
Görüşdə əvvəlcə tələbələrin qış imtahan sessiyasında göstərdiyi müvəffəqiyyətdən danışılıb. Bununla yanaşı çatışmazlıqlar, kəsiri olan tələbələrin təhsilə cəlb olunması, müəllim-tələbə münasibətinin daha da təkmilləşdirilməsi yolları müzakirə olunub.
Xüsusi texnika və texnologiya fakültəsinin önəminə diqqət çəkən dekan Ramiz Hüseynov bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Strateji Yol Xəritələri”ndə göstərilən sənayenin, ağır sənayenin, xüsusilə müdafiə sənayesinin inkişaf etdirilməsi missiyası bilavasitə bu fakültənin məzunları üzərinə düşür. Müharibə vəziyyətində olan ölkəmizin müdafiə sənayesinin inkişaf etdirilməsinin ən prioritet məsələlərdən olduğunu qeyd edən dekan fakültə tələbələrini bütün imtahanlarda müvəffəqiyyət göstərməyə çağırıb.
Görüşdə qərara alınıb ki, tələbələrin növbəti imtahan sessiyasını kəsirsiz başa vurması üçün fakültə qrupları arasında yarışma təşkil olunsun. Qrup nümayəndələrinə və tyutorlara tapşırıq verilib ki, “Kəsirsiz təhsil” devizi altında keçiriləcək yarışma çərçivəsində ötən imtahan sessiyalarından kəsiri olan tələbələrin dərsdən əlavə olaraq yüksək bilikli tələbə yoldaşları və müəllimləri ilə işləməsi təmin edilsin. |
|
28.03.2018 | 17:49 | |
|
|
|