İki şagird sinif adladı | |
Ötən ay ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanların nəticələri artıq bəllidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi” qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, ibtidai təhsil səviyyəsi üzrə 2 (iki) şagird imtahanlarda müvəffəqiyyət qazanıb.
Məlumat üçün qeyd edək ki, imtahanlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilib. 2 - test imtahanı və müsahibə mərhələsindən ibarət olan imtahanlara Bakı şəhər məktəblərindən 10 şagird qatılıb. İmtahanlarda ibtidai təhsil səviyyəsi üzrə 5 (beş) şagird, ümumi orta təhsil səviyyəsi üzrə 3 (üç) şagird, tam orta təhsil səviyyəsi üzrə isə 2 (iki) şagird iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yanvarın 14-də eksternat imtahanının test, yanvarın 15-də isə müsahibə mərhələsi keçirilib. Bakı şəhəri 220 nömrəli məktəb-liseydə təşkil edilən bu imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb.
Əvvəlcədən elan olunduğu kimi, eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirib. İkinci, yəni müsahibə mərhələsində isə komissiya üzvləri tərəfindən 10 şagirdin bilik və bacarıqları yoxlanılaraq müvafiq rəy verilib. İmtahan qiyməti hər iki mərhələnin nəticələri əsasında müəyyənləşdirilib.
Ruhiyyə
|
|
05.02.2019 | 16:39 | |
|
|
|