Təhsil TV: 228 direktorun yerləşdirilməsinə başlanılır

Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq. Bu barədə Təhsil Nazirliyində keçirdiyi brifinqdə qurumun İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib. Onun sözlərinə görə, hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var. Həmin yerlərin yalnız 11-i Bakı şəhərinin payına düşür. E.Bağırov əlavə edib ki, vakant direktor yerlərinə işə qəbul üçün keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilmişdi: “Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq".

E.Bağırov qeyd edib ki, hazırda TN tərəfindən müsabiqənin yekun - yerləşdirmə mərhələsi həyata keçirilir: "Sabahdan etibarən uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək. Uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən vakant yerlərdən əlavə yeniləri də təklif oluna bilər. Vakant yerlər namizədə müsabiqədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək. Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif  edilsin".

 

 



05.02.2019 | 18:05