Lənkəran məktəbliləri kimya və biologiya dərsini LDU-da keçdilər

Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran şəhər 10 nömrəli tam  orta məktəbin  yuxarı sinif şagirdləri üçün kimya və biologiya fənlərindən nümunəvi “açıq  dərs”lər keçirilib.

 

“Azərbaycan müəllimi” qəzetinə LDU-nun mətbuat xidmətindən verilən məlumata görə, kimya təmayüllü XI sinif şagirdləri universitetin kimya laboratoriyasında, texniki və təbiyyat təmayüllü X sinif şagirdləri isə biologiya laboratoriyasında dərs keçiblər. Kimya fənnindən “Atomun quruluşu və hibridləşmə haqqında” nümunəvi açıq dərsi  “Kimya və fizika” kafedrasının  müdiri,   kimya üzrə fəlsəfə doktoru, dosent  İsa Hüseynov və kafedranın müəllimi Tərlan Ağazadə təqdim ediblər. Biologiya fənnindən isə “İrsən keçmənin qanunauyğunluqları” mövzusunda keçirilən açıq dərsi “Bilogiya və tibbi biliklər”  kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmmədhüseyn Hüseynov aparıb. “Açıq dərs”lərdə nəzəri biliklərlə yanaşı, şagirdlərə praktiki vərdişlər də aşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, LDU-da fəaliyyət göstərən Biologiya tədris laboratoriyası “Biologiya və tibbi biliklər” kafedrasının və Kimya tədris laboratoriyası isə “Kimya və fizika” kafedrasının nəzdində yaradılıb. Hər iki laboratoriya 2016/2017-ci tədris ilindən fəaliyyət göstərir.

 

Məlumat üçün bildirək ki, laboratoriyalar Almaniyanın PASCO şirkətinin rəqəmsal avadanlığı ilə təmin edilib. Ən müasir kompüterlərlə təchiz olunan laboratoriyaların hər birində  15-dən artıq laboratoriya işini həyata keçirmək mümkündür. Burada icra ediləcək laboratoriya işlərinin proqram təminatı yazılıb, fotosintez prosesini, havanın nəmliliyini, ürək fəaliyyətini, üzvi və qeyri-üzvi maddələrin müxtəlif xassələrini və s . öyrənmək imkanı verən laboratoriyalarda analitik ölçmələr aparmaq, maddələrdən endotermik və ekzotermik istiliyin ayrılması və udulmasi ilə gedən reaksiyalari izləmək mümkündür. “Ağıllı” lövhə ilə təchiz olunmuş laboratoriyalarda təcrübə işləri aparan tələbələr, yəni gələcək müəllim orta məktəbdə müxtəlif siniflərdə  biologiya və kimya fənnlərinin tədris edilməsində böyük üstünlüyə malik olacaqlar.

 

Növbəti günlərdə nümunəvi dərslərlə paralel olaraq, orta məktəb şagirdləri üçün laboratoriya məşğələləri də keçiriləcək, şagirdlərə hər iki fənndən ən vacib təcrübi biliklər aşılanacaq, onlar müasir laboratoriya avadanlıqları ilə tanış ediləcək, lazımi bilgiləri ala biləcəklər.

 

Məlumat üçün deyək ki, layihənin ilkin mərhələsində  Lənkəran şəhər 7, 9, 10 nömrəli  tam orta məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri fevral ayının 13-nə kimi  bu imkandan bəhrələnə biləcəklər. Sonrakı mərhələlərdə digər məktəblərin şagirdlərinə  də  universitetin tədris bazasından yararlanmaq imkanı yaradılacaq.

 

Xatırladaq ki,  LDU-da “açıq dərs”lər “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə” pilot layihəyə əsasən keçilib. İndiyədək universitet bu layihə üzrə Astara və Yardımlı rayonlarının tam orta məktəbləri ilə əməkdaşlıq edib. Lənkəran şəhər təhsil şöbəsinin müraciəti əsasında təhsil nazirinin 16.08.2018-ci il 564 saylı əmrinə əsasən, sözügedən nazirliyin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə”  27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmrində dəyişiliklik edilib. Dəyişikliyə əsasən, 2018-2019-cu    tədris  ilində Lənkəran Dövlət Universiteti (LDU) Lənkəran şəhərinin tam orta məktəbləri ilə  də əməkdaşlıq edir.

 

 



04.02.2019 | 17:30