“Gənclər gələcəyimizdir”

Fevralın 1-də Bakıdakı 283 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudovanın təşkilatçılığı ilə “2 fevral-Gənclər Günü”nə həsr olunmuş “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib.

 

Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə açan  aparıcılar ulu ndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixinin Azərbaycanda “Gənclər Günü” kimi qeyd olunması, bu günün MBD məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə keirilməsi haqqında geniş məlumat veriblər. Bildirilib ki, bu günün qeyd olunması ümummilli lider Heydər Əliyev tərəfindən gənclərə verilən ən böyük töhfələrdən biridir. Müstəqil Azərbaycanımızın gəncləri ilk dəfə fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldilər.  Ümummilli lider Heydər Əliyev hər zaman gənclərə  malik olduqları  qabiliyyət və intellektual imkanları  müqabilində  geniş meydan verməyin tərəfdarı idi. Ulu öndər gənclərlə iş məsələsini həmişə diqqət mərkəzində  saxlamış, onların sağlam böyüməsinə,  təhsilinə, həyatda layiqli yer tutmalarına  çalışmışdır. Bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, gənclərimiz ictimai həyatın ən müxtəlif sahələrində öz potensiallarını  gerçəkləşdirmək imkanlarına malikdirlər.

 

Vurğulanıb ki, məhz bu qayğının  nəticəsidir ki,   gənclərimizin  səsi artıq  dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil ocaqlarından gəlir. Hər il yüzlərlə gənc ən yüksək  ballarla məşhur universitetlərin tələbəsi adına layiq görülür, həyata hazırlanır, ölkəmizin adını yüksəklərə qaldırır, göstərilən etimadı doğrultmağa çalışır. Gəncliyin sağlam, vətənpərvər ruhda yetişməsi, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün də ölkəmizdə hər cür şərait var.

 

Məktəbin  şagirdlərinin hazırladıqları səhnəcikdə gənc yaşlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərimizdən, bayrağımızı zirvələrə qaldıran idmançılarımızdan böyük fəxr və qürur hissi ilə söhbət açılıb. Tədbir məktəbli gənclərin təqdim etdikləri şeir, rəqs, musiqi, aforizm nömrələrinin, videoçarxların nümayişi ilə davam etdirilib. 

 

Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova  gəncləri bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Direktor dövlətin gənclər siyasətindən, istedadlı gənclərə göstərilən diqqət və qayğıdan, gənclərlə bağlı qəbul edilən dövlət proqramlarından faydalanmağı tövsiyə edib,  hazırda məktəbin X sinfində təhsil alan gənc ixtiraçı Reyhan Camalovanın uğurlarından danışaraq, onu gənclərə örnək göstərib.

 

 

 

Rəşad ZİYADOV



04.02.2019 | 14:35