Mənim vaxtımı boşuna xərcləmə!!! | |
Təlimlərdə iştirakçılara ünvanlayıb, cavabında təxminən eyni məzmunlu cavablar aldığım sual: “Əgər bir gün 24 deyil, 25 saat olsaydı, bu 1 SAATda nə edərdiniz?”. Cavablar çox yaxın olur adətən. Kimisi 1 saat çox yatmaq, kimisi dərs oxumaq, bəziləri fərdi inkişafı ilə məşğul olmaq, bir qismi isə ailəyə daha artıq vaxt ayırmaq istədiyini deyir. Sual edəndə ki, “bəs bu qədər yatmaq, bu qədər dərs oxumaq sizə bəs etmirmi, əlavə də 1 saat istəyirsiniz?” cavab adətən “xeyr”olur, “müəllim, çatdırmıram” klişesi də üstündə. Sizdə də belədir? Elə isə bir balaca riyazi hesablama bacarıqlarınızı işə salın, gəlin birlikdə hesablayaq görək vaxtımızı nə yeyir ki, “çatdırmırıq?”.
Beləliklə, həftədəki saatlar cəmi (7x24) 168 saatdır. Bunun 56 saatını yuxu (sosial şəbəkə aludəçilərində 1-1,5 saat az ola bilər), 40 saatını iş (iş günlərinin sayı 5x8 saat), 21 saatını yemək-içmək, geyinmək, yol və digər xırda, gözəgörünməyən vaxt itkiləri aparır. Demək bizim 168-56-40-21= 51 saat qaldı. Bu 51 saatın isə gündə 2 saatını fərdi inkişafa, idmana,1 saatını isə xarici dil öyrənməyə sərf etsək, təxminən 51-21=30 saat vaxtımız qalır. Bunu isə 7 günə böləndə 4 saatdan bir az artıq vaxt edir. Demək günə 4 saatımız boşuna gedir?
Böyük şirkətlərdən birinin CEO-su Brayan Tayson 30 saniyəlik nitqində deyirdi: “Təsəvvür edin ki, həyat bir oyundur. Bu oyunda isə siz 5 topu hər zaman ya əlinizdə tutmalı, ya da havada idarə etməlisiniz, çünki hamısı büllurdandır, yerə düşərsə çilik-çilik olar. Bu toplar Ailə, Sağlamlıq, Dostlar, Ruhunuz (özünüz) və İşinizdir. Siz elə etməlisiniz ki, bu toplar daim havada olsunlar. Az sonra anlayacaqsınız ki, bu toplardan yalnız biri büllurdan deyil, hansısa rezin məmulatdandır, yerə düşdüsə, əlinizdən saldınızsa belə, geri qayıdacaq. Qalan 4 topla ehtiyatlı olun. Düşərlərsə, bərpa edilməzlər, sınar, əzilər, cızılar, çatlayar, ciddi zərər görər, bir sözlə, əvvəlki vəziyyətinə geri qayıtmaz. Sizcə hansı topu itirəriksə, yarası digərləri kimi dərin olmaz? Bəli, iş!!! Bəli, biz bunu anlamalı, çalışmalıyıq ki, digər 4 topdan ehtiyatlı olaq. İş saatlarını maksimum effektlə, maksimum qənaətlə, maksimum planlı işləyək ki, evə, ailəyə, sağlamlığa, dostlara vaxt ayıra bilək”.
Fərdi inkişafın fəlsəfəsi də odur ki, bu 5 topu əldən düşürməyək. Bəli, məhz 5 topu. İşimizi itirəriksə, digərlərinə də bu və ya digər qaydada təsir edər. Düzdür, digərləri kimi düşüb sınmaz, amma işimizi elə qurmaya bilərik ki, digər 4 topu havada saxlamağa vaxtımız qalmaz.
Vaxt heç kimi gözləmir. Sahib olduğunuz hər an xəzinədir...
Vaxtdan düzgün istifadə etmək hər bir uğurlu insan üçün vacibdir. Zaman bizim üçün dəyəri çox yüksək olan əmlakımızdır. Bu dəyəri boşuna necə sərf edə bilərik?
Amerikalı rejissor Endryu Nikkolanın “Zaman” adlı filmi var. Bu filmdə insanlar üçün ödəmə vasitəsi-əmtəə vasitəsi zamandır. İnsanlar gördükləri işin müqabilində zaman alırlar. Məsələn, kofenin qiyməti 5 dəqiqə, avtobusda gediş haqqı 4 dəqiqə, evin qiyməti 2 il və s. İnsanlar nəsə almaq üçün pul əvəzinə ömürlərindən xərcləyirlər. Hər insanın malik olduğu zaman onun sol biləyində, dərisində yerləşdirilmiş ekranda göstərilir. Zamanı xərclədikdən sonra ekranda rəqəmlər sıfırlanır, insanın ürəyi dayanır. Həyatlarını tez başa vurmamaq üçün insanlar müxtəlif yollarla vaxtlarını artırmağa çalışırlar.
Filmin bir yerində 116 illik zaman sərmayəsinə malik olan Henri adlı personaj filmin baş qəhrəmanı olan Uillə tanışlığından danışır. Uil Henrini ölümdən qurtarır. Henri isə Uilə (o yuxudaykən) təşəkkür etmək üçün bütün ömrünü bağışlayır. Zamanı bitməkdə olan Uil yuxudan oyananda qolundakı ekranda 116 il olduğunu görür və orada bir mesaj da var: Mənim vaxtımı boşuna xərcləmə!!!
Bu hadisəni danışmaqda məqsədimiz sizi həmin filmə baxmağa çağırmaq deyil. Bu, sizin vaxtınıza girmək olar. Burada əsas məqsəd sizlərin, bizlərin malik olduğumuz ən dəyərli yatırım, zamanımızı necə səmərəli xərcləmək haqda düşünməkdir.
Təbii ki, bu yazıda “Time Menecment” təlimi keçə bilərik. Burada gündəlik, həftəlik, aylıq, illik, onillik planlama texnikaları haqda ətraflı yaza bilərik. Burada vaxtınızı gəmirənlərə “yox” demək bacarığı, Eyzenhauer matrisası, Pareto prinsipi, ABC metodu haqda saatlarla, günlərlə yaza, danışa bilərik. Amma buna vaxtımız yoxdur.
Olimpiya çempionu Bob Riçards deyirdi ki, dirəklə hündürlüyə tullanmaq üçün 10 min saatını sərf edib. Herbert Huver dəmiryol stansiyalarında qatar gözləməyə sərf etdiyi vaxtlarda iki kitab yazıb. Noel Kovard isə maşında tıxacda olduğu zamanı boşuna keçirməyib, “Mən səni yenə görəcəyəm” məşhur mahnısını bəstələyib.
Bir sözlə, bütün şəxsiyyətlərin yaratdıqları möcüzələrə sərf etdikləri vaxt qədər hər birimizə vaxt verilib. Yetərincə vaxtımız var. Bəlkə də hal-hazırda bu yazını oxuduğunuz vaxt, gün həyatınızda ən vacib qərarı verdiyiniz gün olacaq. Bu gün doğrudan da vacib gündür. Necə yaşamağından, nə qərar qəbul etməyindən asılı olmayaraq, bu günü yaşamaq üçün bu qədər vaxtını sərf etmisən axı.
Yekunda vaxtın idarə olunması ilə bağlı ibrətamiz bir nəzəriyyəni qeyd edim. Təsəvvür edin ki, siz çox məşğul insansınız. Çox böyük pullar qazanırsınız, işləyirsiniz, çalışırsınız. Amma dostlarınıza, ailənizə vaxt ayıra bilmirsiniz. Pulunuz artdıqca tələbləriniz də müvafiq artır (iqtisadiyyatda Parkinson xəstəliyi). İnsan həyatı isə ortalama 75 ildən ibarətdir. Bu rəqəmi 52-yə vuraq (il ərzində həftələrin sayı) 3900 alınacaq. Həyatımızda bu qədər şənbə və bazar günlərimiz olacaq. Əgər mənim 44 yaşım varsa, demək bunun 2288-ni yaşamışam. Qalır 1612.
Bu nəzəriyyəni təklif edənlər məsləhət görürlər ki, uşaq oyuncaqları mağazasına gedib, bundan sonra qalan həftələrin sayı qədər kiçik top və ya tennis şarı alaq. Bir qaba yığıb, hər bazar günü birini tullayaq. Toplar yığılmış balonda, yeşikdə və ya kisədə şarların sayı azaldıqca insan vaxtına, yaşamına daha çox diqqət etməyə başlayır.
Siz, bu yazını oxuyan dəyərli oxucu, belə bir şar balonunuz olsaydı, bu bazar günü neçənci şarınızı kənara atacaqdınız?
Və nəhayət, sonuncu sualım: Əgər bir gün 24 deyil, 23 saat olsa idi, hansı işi görməkdən vaz keçərdiniz?
Sənan NƏCƏFOV
|
|
01.02.2019 | 16:00 | |
|
|
|