NDU-da ixtisasartırma kursu təşkil olunub

Naxçıvan Dövlət Üniversitində fizika, kimya və biologiya fənlərini tədris edən müəllimlər üçün ixtisasartırma kursu təşkil olunub.

 

NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb.  Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə seminarların gələcəkdə daha mütəşəkkil təşkili, əməkdaşlığın daha sıx davamı baxımından əhəmiyyətlidir.         

                               

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisinin inkişafına, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsinə, şagirdlərin bu sahədəki bilik və  qabiliyyətlərinin artırılmasına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Nəzərə çatdırılıb ki, muxtar respublikanın məktəblərinin demək olar ki hamısı müasir laboratoriyalarla təchiz olunub və dərs prosesi zamanı laboratoriyaların istifadə qaydaları şagirdlərə izah olunur.

 

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 4 günlük təşkil olunan kursda hər ixtisasdan 20 nəfər olmaqla ümumilikdə 60  müəllim iştirak edib.

 

Müəllimlərə universitetin müəllimləri kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov, fizika üzrə fəlsəfə doktoru, dosent Əli Babayev, biologiya üzrə fəlsəfə doktoru, dosent Daşqın Qənbərov seminar keçiblər. Eyni zamanda universitetdə mövcud olan laboratoriya və fənn kabinələrinin istifadə qaydalarından da bəhs edilib.

 

Kursun sonuncu günü iştirakçılara sertifikat təqdim olunub.

 

 

 

 



02.02.2019 | 17:35