İtaliyalı professor GDU-da ustad dərsləri keçib | |
“ERASMUS+KA1” birgə əməkdaşlıq layihəsi çərçivəsində İtalyanın Ka’ Foskari Venesiya Universitetinin əməkdaşı professor Elena Rova Gəncə Dövlət Universitetində (GDU) ustad dərsləri keçib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşan dərslərdə GDU-nun tarix–coğrafiya fakültəsinin 20-yə yaxın professor-müəllimi iştirak edib.
Dərslər əsasən 3 mövzuda aparılıb. İştirakçılara Cənubu Qafqazda aparılmış yeni arxeoloji qazıntılar və tədqiqatların nəticələri haqqında məlumat verilib. Təlimdə professor Elena Rova öz arxeoloji qazıntıları ilə əlaqədar maraqlı faktları bölüşüb, həmçinin bu barədə müəllimlərlə müzakirələr aparılıb.
Təlimin yekununda iştirakçılara beynəlxalq sertifikat təqdim edilib.
Qeyd olunub ki, layihənin növbəti mərhələsində Gəncə Dövlət Universitetinin tələbə və müəllim heyəti üçün İtalyanın Ka’ Foskari Venesiya Universitetində təlimlər keçiriləcək. Venesiyada təhsil və təcrübə keçmək istəyən tələbə və müəllimlər humanitar sahə üzrə (tarix-coğrafiya və xarici dillər üzrə) sənədlərini təqdim edənlər arasından seçiləcək. Ka’ Foskari Venesiya Universitetindəki elmi tədqiqat üzrə müəllimlər üçün 3 həftə, tələbələr üçün isə 1 semestr nəzərdə tutulur. Təlimin sonunda iştirakçılara beynəlxalq sertifikat veriləcək.
|
|
02.02.2019 | 15:31 | |
|
|
|