Özünəinam əskikliyi | |
Bu gün valideynlər qarşısında vacib bir sual var: Necə edim, övladımda özünəinam əskikliyi olmasın? Uşağın özünəinamının olmasının yolları hansılardır?
İlk növbədə uşaqları olduğu kimi qəbul edin. Hər bir şəxs yaşından asılı olmayaraq, şəxsiyyətdir. Yenə də hər bir kəs yaşından asılı olmayaraq, şəxsiyyətinə hörmət edilməsini arzulayır, tələb edir. İstəyir ki, onu olduğu kimi qəbul etsinlər. Hətta fikir versəniz, bəzən uşaqlar onlara etiraz ediləndə, yol göstəriləndə qıcıqlanır, əsəbləşir, aqressiv reaksiyalar verir. Bu üzdən hər uşağı olduğu kimi qəbul etmək vacib şərtdir. Bu, onun özünəinamının formalaşmasına böyük dəstəkdir. Uşaqlara,
bizim xoşumuza gəlməyən
qiymətlərə görə irad, təhqir ünvanlamaq olmaz. Bu baş verən halda onlar da xarakter göstərəcək. Beləliklə, valideynlə uşaq arasında uçurum yaranacaq. Biz onları şərtsiz qəbul etməliyik. Uşaqları onlardan daha yaxşını əldə etmək məqsədi ilə sıxdıqca, daha eqoist, daha kobud və qəddar birinə çevrilirlər. Böyüyüb yetişkin olduqda, bu, həm də oturuşmuş xarakter halını alır. Belə formalaşan fərdlər gələcəkdə sevməyi deyil, sevilməyi xoşlayırlar. Ətrafda hər kəsi özlərinə borclu bilirlər. “Borcları” ödənməyəndə insanlara qarşı ən müxtəlif formada pislik etmək iqtidarında olurlar. Bir sözlə, sevmədən sevgi tələb edən insanlar bir gün başqalarını tamamilə yorurlar. Bu mənada uşaqlarınızı qarşılıqsız, nəsə gözləmədən sevin. Biz uşaqları daxili motivasiya ilə tərbiyə etməliyik.
Şiddət, söyüş, təhqir,
ədalətsiz davranış, uşağın imkanı xaricində olanın ondan tələbi, qışqırmaq, səs-küy salmaq, bu, əsla və əsla tərbiyə vasitəsi deyil. Valideyn özünə sərf edən variantda tərbiyə verib ən yüksək nəticəni gözləyirsə, bu, uşağa ədalətsiz münasibətdir.
Ədalətli davranmaq...
Əslində, övladla ədalətli davranış nədir? Ədalətli davranış özünüz oxumursunuzsa, uşaqdan tələb etmə deməkdir. Amma bu o demək də deyil ki, uşağa de, kitab oxumasın. Siz kitab oxuyun ki, uşaq da sizdən nümunə götürsün. Uşağı məcbur etməyin desin ki, “sən oxumursan, mən niyə oxuyum?!”. Uşaqların ən çox qarşısında bir nümunə adam görməyə ehtiyacı var. Valideyn həmin nümunə adam olmalıdır.
Daim müsbət axtarmaq...
Özünəinamlı uşaq yetişdirmək üçün daha çox onun müsbət tərəflərini araşdırın. Məsələn, özünüzə sual verin ki, övladımın hansı gözəl keyfiyyətləri var? Çalışın mütləq azı 10 belə keyfiyyət tapasınız. İstənilən uşağın mütləq sadalanacaq qədər gözəl tərəfləri var. Sadəcə, onları müəyyən edib, tez-tez onun özünə də bu keyfiyyətləri demək lazımdır. Sual oluna bilər ki, bu hansı effekti verəcək? Əvvəla, tez-tez sadalanan və diqqət çəkən yaxşı tərəflərini uşaq daha da inkişaf etdirməyə çalışır. İstəyir hamı bunu görsün. Eyni zamanda, bu, özünəinamlı vətəndaş yetişdirməyimizə son dərəcə böyük yardımdır. İndi özünəinamlı vətəndaş cəmiyyətin də ən çox ehtiyac duyduğu simadır.
Ata və ana...
Unutmayın, uşaq özünəinamı əvvəl atadan, sonra anadan alır. Əgər ailədən kifayət qədər güvən ala bilmirsə, cəmiyyətə adaptasiya olmur. O üzdən unutmayın, uşağı təşvişə salmaq, təhqir etmək olmaz. Ona nümunə olmaq, olduğu kimi sevib qəbullanmaq və yaxşı tərəflərini inkişaf etdirmək lazımdır.
Yadda saxlayın ki, uşaqlar həm də ailəmizin, evimizin simasıdır. Onun özünəinamsızlığı “bizim evdə problem var” mesajıdır.
Elmir İSGƏNDƏROV,
psixoloq
|
|
01.02.2019 | 15:30 | |
|
|
|