BSU-da yeni təlim-tədris mərkəzi açılıb

Dekabrın 31-də Bakı Slavyan Universitetində ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi  çərçivəsində   yaradılmış  təlim-tədris  mərkəzinin  açılışı  olub.

 

Açılış mərasimində çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Rektor qeyd edib ki, Bakı Slavyan Universitetində  hazırda həyata keçirilən belə layihələrdən biri də ERASMUS+ PETRA layihəsidir: “Bu layihə çərçivəsində yaradılmış və bu gündən etibarən fəaliyyətə başlayacaq təlim - tədris mərkəzinin açılışına toplaşmışıq. Mərkəz Bakı Slavyan Universitetinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək”, - deyə rektor söyləyib. Qeyd edib  ki, mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim-seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant və doktorantlar üçün uğurlu elmi tədqiqat işinin təşkili  və yerinə yetirilməsinin metodlarına həsr olunan kursların təşkili təmin ediləcək. Rektor bildirib ki, Avropa İttifaqının dəstəyi ilə təlim və tədris mərkəzini təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq alınaraq lazımi qaydada quraşdırılıb. Bakı Slavyan Universiteti layihəyə  qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Viyena Tətbiqi Elmlər, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensia Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən yararlanıblar. Bundan əlavə, universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak edblər.

 

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov layihənin mahiyyəti və gələcək planlar barədə məlumat verib. O, bildirib ki, Bakı Slavyan Universiteti  ERASMUS+ PETRA  layihəsinə tərəfdaş  universitet  olaraq 2017-ci ilin iyul ayından qoşulub. R.Novruzov deyib: “Layihənin böyük hədəfi  Azərbaycanda  tədris və təlimdə mükəmməlliyin təşviq olunmasıdır. Başlanğıc, inkişaf, yayılma, istismar mərhələlərindən ibarət olan layihə Azərbaycanın Bakı Slavyan Universiteti də daxil olmaqla 5 dövlət və 2 özəl  universitetlərini təlim və tədrisin keyfiyyətinin  təkmilləşdirilməsi üçün hədəf seçib. Universitetimiz başlanğıc mərhələsini keçmiş, hal-hazırda inkişaf mərhələsindədir.  Layihə üzrə nəzərdə tutulduğu kimi işçi qrupu yaradılıb, onun tərkibi universitetin rektoru tərəfindən təsdiq edilib. Bu gündən isə yayılma, yəni mübadilə  mərhələsi başlanır”.

 

Sonra söz alan BSU-nun “İngilis filologiyası” kafedrasının baş müəllimi, layihənin işçi qrupunun tədqiqatçısı Natavan Babayeva yeni yaradılmış təlim-tədris mərkəzinin qarşıya qoyduğu məqsəd, perspektiv planlar, layihə çərçivəsində nəzərdə tutulmuş kurslar, treninqlər və seminarlar barədə ətraflı məlumat verib.

 

Açılış mərasiminin ardından iştirakçılar layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya ilə tanış olublar.

 

 

Şakir CƏFƏROV

 

 

 



01.02.2019 | 13:44