“Mizan” tələbə dram dərnəyi Mir Cəlal Paşayevin “Xatirələr”ini hazırlayır | |
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış “Mizan” tələbə dram dərnəyində yeni tamaşa hazırlanır.
Bilik Fondundan bildiriblər ki, görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illlik yubileyi ərəfəsində ədibin hekayələrinin motivləri əsasında səhnələşdirilən tamaşa gələn ay təhvil veriləcək.
Mir Cəlal Paşayevin hekayələrindən ibarət “Xatirələr” tamaşasının ssenari müəllifi və rejissoru “Mizan” tələbə dram dərnəyinin bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Məmməd Səfa Qasımovdur. Tamaşada ədibin müxtəlif dövrdə qələmə aldığı hekayələr canlandırılacaq. Mir Cəlal Paşayevin öz obrazının da yer alacağı tamaşa üzərində hazırda son məşqlər gedir. Tələbə aktyorların ifasında “Xatirələr” tamaşasının premyerasının ədibin ad günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Mizan” tələbə dram dərnəyinin ilk tamaşası ötən il olub. Kollektiv Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladığı tamaşanı uğurla təqdim edib.
Yusif ƏLİYEV
|
|
28.03.2018 | 13:23 | |
|
|
|